İnterpress.az xəbər verir ki, bu barədə BMT-nin ebola virusuna çevik reaksiya qrupunun rəhbəri İsmayıl Uld Şeyx Əhməd beynəlxalq təşkilatın Baş Assambleyasındakı çıxışında deyib.
Şeyx Əhmədin sözlərinə görə, üç ay əvvəl Qərbi Afrikanın 3 ölkəsində – Liberiya, Qvineya və Syera-Leonedə yoluxanların sayı hər üç həftədə iki dəfə artıb. O zaman dekabrın sonuna qədər xəstələrin sayının 10 min nəfərə çatacağı ehtimal edilib: “Qlobal tədbirlərin görülməsi nəticəsində bu dəhşətli ssenari baş tutmadı. Əvəzinə yoluxmanın sürəti zəiflədi. Epidemiyanı cilovlamaq mümkün oldu və hazırda yoluxanların sayında azalma müşahidə olunur”.
Şeyx Əhməd bildirib ki, nəzərəçarpacaq irəliləyişə Liberiyada nail olunub. Orada son dörd ayda virusa yoluxma 30 dəfə azalıb. O, əminliklə deyib ki, mübarizə belə əzmkarlıqla davam etdirilsə, Liberiyada virusun kökü yaxın zamanlarda kəsiləcək. Qvineya və Syera-Leone də yeni yoluxma faktlarının sayının 2014-cü ilin avqustuna nisbətən çox aşağı səviyyədə olduğunu açıqlayıb.
Qeyd edək ki, ebola indiyə qədər 8600 nəfərin ölümünə səbəb olub.
İnterpress.az