Son günlər Böyük Britaniyanın “The Independent” və “The Guardian” qəzetlərində, habelə “BBC” yayım korporasiyasının rus dili xidmətində Azərbaycanla bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda qeyd olunub.
Agentlik bildirir ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar ölkəmizin beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır.
“Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmamış, sadəcə öz subyektiv mülahizələrinə əsaslanan tezisləri ictimaiyyətə təqdim etməyə üstünlük veriblər. Bu isə sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır və dərin təəssüf doğurur.
Ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, habelə beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.
Bir daha adı çəkilən media qurumlarını (“The Independent”, “The Guardian” və “BBC”) bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik” – qurumdan vurğulanıb.






