Hadisə yanvar ayının 26-da Moskva vilayətində azərbaycanlının yaşadığı evin yaxınlığında baş verib.
Naməlum şəxslər həmyerlimizin əl-qolunu bağlayaraq maşına mindiriblər. Yolda onu maşından düşürdüb, başqa bir maşına mindirərək Klin şəhərinə aparıblar.
Azərbaycanlını ailəsindən pul almaq məqsədi ilə qaçırıldığı məlum olub. Belə ki, 20 il bundan qabaq da həmin azərbaycanlı bir qrup şəxs tərəfindən oğurlanıb. O zaman onun qardaşı (imkanlı iş adamı) həmin şəxslərə pul verərək qardaşını azad edib.
Bu dəfə isə cinayətkarlar 3 milyon dollar tələb ediblər. Lakin onların planı baş tutmayıb. 43 yaşlı azərbaycanlı saxlanıldığı yerdən qaça bilib. Belə ki, fevralın 4-də cinayətkarlardan biri həmyerlimizin əlindəki qandalı istilik sistemi elementinə bağlamağı unudub. Bundan istifadə edən azərbaycanlı pəncərədən qaçaraq yaxınlıqdakı polisə xəbər verib. Hadisə yerinə gələn polis əməkdaşları iki nəfəri saxlayıblar. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində azərbaycanlını qaçırmaqda şübhəli bilinən üçüncü şəxs də yaxalanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. ( apa )
İnterpress.az