Heç kəs bir an belə yadından çıxarmamalıdır ki, bu gün Azərbaycanın iqtisadiyyatı və maliyyə ehtiyatları o qədər güclüdür ki, hətta “Sovetski” kimi böyük bir layihənin icrası belə maliyyə çatışmazlığı yaşamaz”.
Bu barədə APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov söyləyib.
S.İslamov deyib ki, bu, dövlət başçısının təşəbbüsü ilə şəhərin mərkəzində on illər boyu qəzalı, yarıuçuq mənzillərdə yaşayan 50 minə yaxın insanın mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bir layihədir. Layihənin həyata keçirilməsi üçün qarşıda duran vəzifələr də müəyyənləşdirilib, kifayət qədər vəsait də nəzərdə tutulub: “Bu layihə bəzilərinin öz istədikləri və qələmə verdikləri kimi deyil. Layihənin icrası hər hansı bir ərazinin boşaldılması və gələcəkdə hansısa məqsədlər üçün istifadə edilməsinə xidmət etmir. Məlumat üçün bildirirəm ki, prosesin gedişində heç bir fasilə yoxdur, əksinə, müəyyən irəliləyişlər var.
Bütün mərhələlər üzrə işlərimiz davam edir, ərazidə ölçü-inventarlaşdırma işləri aparan müstəqil ekspertlərin, həm də Köçürmə Komissiyasının işinin gedişinə şəxsən Yasamal rayon İcra Hakimiyyətinin başçısı nəzarət edir və ona gündəlik məlumat verilir.
Cari ilin əvvəlində bizim əsas məqsədimiz köçürmə ərazisinə düşən 10 500-ə yaxın yaşayış və qeyri-yaşayış sahələrinin sənədləşdirmə işlərinin başa çatdırılmasıdır. Bu günə qədər artıq 6 892 mənzilin sənədləşmə işi yekunlaşıb. Yəni bu sahədə ümumi işin 65 faizi başa çatdırılıb. 2315 ailə artıq mənzillərini sataraq köçüb”.
Bakının “Sovetski” məhəlləsinin köçürülməsi ilə bağlı işin həcminin həddən artıq böyük olduğunu vurğulayan S.İslamov bildirib ki, Köçürmə Komissiyasının işi tək evlərin satın alınması ilə yekunlaşmır. Eyni zamanda sökülmüş evlərin əmlak reyestrindən silinməsi, minlərlə insanın həmin ünvanlardan pasport qeydiyyatından çıxarılması böyük zəhmət, vaxt və xüsusi diqqət tələb edir: “Hesab edirəm ki, ötən müddət ərzində bizim ən başlıca nailiyyətlərimiz mənzillərin ölçülməsində, qiymətləndirilməsində və satın alınmasında şəffaflığı təmin edə bilməyimizdir. Əvvəldən axıra qədər bu tədbirlər mülkiyyət sahibinin və onun ailə üzvlərinin iştirakı ilə aparılır. Lakin bəzi hallarda hər iki tərəfin istəyinə, əldə edilən razılaşmaya baxmayaraq, mənzillərin alqı-satqısı mümkün olmur. Bu isə mənzil sahiblərinin vərəsəlik və pay bölgüsü ilə əlaqədar vaxtında sənədləşmə işlərinə laqeyd münasibətlərinin nəticəsidir. Yasamal Rayon İcra Hakimiyyətinə banklardan köçürülmə ərazisinə düşən mənzillərin sahiblərinin girov və kredit borclarına görə çoxlu sayda bildirişlər daxil olur. Bəzən banklara uzun illər ödənilməyən borcun miqdarı mənzilə ödəniləcək vəsaitdən artıq olur. Bütün bu problemlər ayrı-ayrılıqda fərdi yanaşma tələb edir və biz bu məsələlərin yalnız hüquqi müstəvidə, ilk növbədə sakinlərimizin maraqlarını qoruyaraq həll etmək tapşırığını almışıq. Heç kəs, xüsusilə “Sovetski” sakinləri qətiyyən narahat olmasınlar. Hamının istəklərinə uyğun köçürülməsi təmin ediləcək”.
Qeyd edək ki, Bakının “Sovetski” məhəlləsində 10 500-ə qədər yaşayış və qeyri-yaşayış sahəsi var. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır (apa).
İnterpress.az