ASC-nin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, əhalinin keyfiyyətli və ekoloji təhlükəsiz içməli ilə təmin edilməsi məqsədi ilə Mərkəzi Laboratoriya tərəfindən su təchizatı sistemlərindən 11 min nümunə götürülüb, onların fiziki-kimyəvi və mikrobioloji təhlilləri aparılıb. Analizlərin nəticələrinə əsasən, bulanıqlıq, sərbəst xlor, mikrobioloji normalar üzrə müəyyən olunub, çatışmazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlər görülərək əhaliyə verilən suyun ekoloji təhlükəsizliyi tam təmin edilib. Bununla paralel olaraq paylayıcı şəbəkələrdə nümunə götürmə məntəqələri yenidən nəzərdən keçirilib, bu nöqtələrdən vaxtaşırı nümunələr götürülərək təhlillər aparılıb.
Hesabat dövründə Abşeron yarımadasında formalaşan tullantı sularının təmizlənərək zərərsizləşdirilməsinə diqqət artırılıb. Bakı və Sumqayıt şəhərlərində, həmçinin ətraf qəsəbələrdə yaranan tullantı suları bioloji və mexaniki təmizləyici qurğularda təmizlənərək ekoloji tələblərə uyğun şəkildə kənarlaşdırılıb.
Böyükşor gölü ətrafında yeni kanalizasiya kollektorları və xətlərinin, nasos stansiyalarının tikilməsi nəticəsində Böyükşor gölünə axan tullantı sularının qarşısı tam alınıb. Eyni zamanda, Cənub kanalından Şıx burnuna qədər hissədə Bakı buxtasına axıdılan tullantı sularının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.
Paytaxtda və ətraf ərazilərdə yaranan tullantı sularının optimal idarə edilməsi, Xəzər dənizinə axıdılan məişət təsərrüfat sularının qarşısının alınması məqsədilə Xocasən-Binəqədi-Xırdalan, Bayıl-Bibiheybət-Lökbatan, Dərnəgül-Qaraçuxur kanalizasiya tunellərinin tikintisi davam etdirilib.
Ekoloji vəziyyətin yaxşılaşdırılması tədbirləri çərçivəsində yaşıllaşdırma işləri də aparılıb. Hesabat ilində “Azərsu” ASC-nin müəssisə və təşkilatlarının, anbar və digər qurğuların ərazisində 16 min ağac və kol, 200 min mövsümi gül əkilib, 28 850 kvadratmetr ərazidə qazon salınıb. Eyni zamanda, Yasamal rayonunda yerləşən “+82 Qərb” su anbarının ərazisində 6 hektardan artıq sahədə müasir park yaradılıb.
İnterpress.az