Xələf Xələfov Almaniya xarici işlər nazirinin müavini, dövlət katibi Dr. Markus Ederer ilə görüş keçirib.
Görüşdə X.Xələfov səfərin siyasi məsləhətləşmələrin növbəti raundu olaraq ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi məqsədilə həyata keçirildiyini ifadə edib, Azərbaycan tərəfinin ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikirlərini Almaniya tərəfinin diqqətinə çatdırıb, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fikir mübadiləsi aparılıb. X.Xələfov münaqişənin həllində ikili standartlara son qoyulması və Avropa İttifaqının, o cümlədən Almaniyanın Dağlıq Qarabağ separatçılarına sanksiyalar tətbiq etməsinin vacibliyini vurğulayıb. Görüşdə həmçinin hər iki tərəf üçün maraq kəsb edən beynəlxalq siyasi mövzular, o cümlədən regional təhlükəsizlik və Yaxın Şərqdə gedən proseslər müzakirə olunub.
Dövlət katibi Markus Ederer Azərbaycanı Almaniyanın regionda siyasi, iqtisadi, mədəniyyət, siyasi-təhlükəsizlik sahələrində mühüm tərəfdaşı adlandırıb.
X.Xələfov siyasi məsləhətləşmələrin davamı olaraq AFR XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri Kord Mayer-Klodla keçirdiyi görüşdə çoxvektorlu xarakter daşıyan ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə edib. Görüşdə indiyə qədər həyata keçirilmiş əməkdaşlıq dəyərləndirilib, habelə gələcək perspektivlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Hər iki tərəf ikitərəfli münasibətlərin hazırkı durumundan məmnunluq ifadə edərək, münasibətlərin daha yüksək səviyyədə inkişafı üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Azərbaycan prezidenti İlham Əliyevin son həftələrdə AFR-ə həyata keçirdiyi iki səfərin dövlətlərarası münasibətlərin inkişafına xüsusi töhfə verdiyi qarşılıqlı surətdə məmnunluqla təsdiq olunub.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov AFR Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri xanım Karin Ştrents ilə də görüş keçirib. Görüşdə iki ölkə arasındakı parlamentlərarası əməkdaşlıq, ikitərəfli münasibətlərin inkişafında hər iki ölkə parlamentinin oynadığı rol və verə biləcəyi mümkün töhfə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və s. məsələlər müzakirə edilib.
Karin Ştrents görüşdə vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasında Azərbaycanın işğal atlında olan torpaqlarının azad olunması dayanır. Tərəflər münaqişənin həlli üçün Almaniyanın və Avropa İttifaqının səylərinin artırılması və onların vasitəçilik potensialından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar. Azərbaycan hökumətinin təmsilçisi qrup rəhbərinə Bundestaqın, o cümlədən Almaniya-Cənubi Qafqaz parlament qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu obyektiv mövqeyə görə öz təşəkkürünü bildirib, bu məsələnin daima diqqətdə saxlanmasını həmsöhbətindən xahiş edib.
X.Xələfov Almaniya federal kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşavirinin müavini cənab Mixael Flüqqer ilə də görüş keçirib. Mixael Flüqqer son zamanlar iki ölkə arasında təmasların artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu, bu tendensiyanın Almaniya tərəfini məmnun etdiyini dilə gətirib. Tərəflər Ermənistan-Azərbaycan münaqişəsi, sözügedən problemin regional təhlükəsizlik və stabillik üçün təşkil etdiyi təhdiddən söhbət açıblar.
Görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov iştirak edib. ( apa )
İnterpress.az