Meksika-ABŞ sərhədində rusiyalı saxta MKİ vəsiqəsi və qumbara ilə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Meksikanın ABŞ sərhədinə yaxın Tixuana şəhərində 43 yaşlı Rusiya vətəndaşı saxlanılıb.
Məlumata görə, qara rəngli “Chevrolet Suburban” avtomobilini sürət həddini aşaraq idarə edən şəxs polis tərəfindən dayandırılıb.
Yoxlama zamanı onun üzərindən qəlpəli qumbara, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) saxta vəsiqəsi, casusluqda istifadə oluna bilən elektron avadanlıqlar və Meksika kəşfiyyatının emblemi olan kamera aşkarlanıb.
Saxlanılan şəxs və götürülən əşyalar Federal Prokurorluğa təhvil verilib. Yoxlama zamanı onun İnterpol tərəfindən axtarışda olduğu müəyyənləşib.
Axtarışla bağlı müraciətlərin Rusiya və ABŞ-dən daxil olduğu bildirilir. Onun hansı cinayətlərdə şübhəli bilindiyi açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az






