Bu barədə prezident İlham Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, bu, tarixi qələbədir: “Çünki yunan-Roma güləşçilərimiz ilk dəfədir ki, dünya kubokunun sahibi olurlar. Bu, bir daha Azərbaycanın güləş məktəbinin nə qədər güclü olduğunu göstərir. Bizim güləşçilərimiz müxtəlif beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər, London Olimpiya Oyunlarında 2 qızıl medalı da güləşçilərimiz qazanıblar və ümumiyyətlə, dünya miqyasında Azərbaycan güləşi bu gün ən yüksək zirvədədir. Biz dünyanın ən güclü komandalarına qalib gəlmişik. Doğrudan da bu, hər bir Azərbaycan vətəndaşını sevindirən hadisədir, böyük tarixi qələbədir. Bu qələbə onu göstərir ki, Güləş Federasiyasında işlər çox yaxşı gedir, düzgün qurulubdur. Güləş Federasiyası Olimpiya Oyunlarında, dünya çempionatlarında, digər beynəlxalq yarışlarda qazanılan medallara və yüksək nəticələrə görə Azərbaycanda liderdir. Bu, belədir və mən bunu yüksək qiymətləndirirəm. Çünki güləş Azərbaycanda ən sevilən, ən populyar idman növüdür və bizim milli idman növümüzdür”.
Prezident İ.Əliyev deyib ki, bütövlükdə Azərbaycanda idman sahəsinə göstərilən diqqət öz nəticələrini verməkdədir: “Azərbaycan idman dövlətidir. Bütün mötəbər beynəlxalq idman qurumları, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, dünya idman federasiyaları bunu qeyd edirlər ki, Azərbaycan idman sahəsində çox böyük uğurlara imza atıb və bu, həqiqətən də belədir. Olimpiya Oyunlarında, dünya miqyasında Azərbaycan 30-cu yerdədir, yeniyetmələrin Olimpiya Oyunlarında 200 ölkə arasında Azərbaycan 10-cu yerdədir. Azərbaycanda dünya və Avropa çempionatları ən yüksək səviyyədə keçirilir və bütün qonaqlar bunu qeyd edirlər. Bizim idmançılarımız hər il medalların sayına görə liderlik göstərirlər, həm Olimpiya, həm qeyri-Olimpiya idman növləri üzrə medalların sayı ildən-ilə artır”.
Dövlət başçısı Azərbaycanda idman infrastrukturunun yaradıldığını vurğulayıb: “Əgər bu infrastruktur yaradılmasaydı, çox güman ki, bu uğurlar da mümkün olmazdı. Bütün bölgələrdə müasir Olimpiya mərkəzləri, Bakıda ən möhtəşəm Olimpiya idman qurğuları tikilir və idman dövlət siyasətində çox mühüm yer tutur. Müxtəlif proqramlar qəbul edilib və idmanın inkişafı dövlət siyasətidir. Bu yaxınlarda Bakıda keçirilmiş Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında da səslənən fikirlər, Azərbaycanda görülən işlər mənim sözlərimi təsdiqləyir. Bu nəticələr təbiidir. Çünki görülən işlər federasiyaların, klubların, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin birgə fəaliyyəti nəticəsində mümkün olub. Bizdə vəziyyət belədir ki, bir çox ölkələrdən fərqli olaraq, bütün idman qurumları, idmanın inkişafına cavabdehlik daşıyan qurumlar bir nöqtəyə vurur və idarəetmədə də çox düzgün yanaşma mövcuddur”.
Prezident İ.Əliyev bütün dövrlərdə Azərbaycanda güclü idmançıların olduğunu xatırladıb: “Ancaq əgər sovet dövrünü yada salsaq, görərik ki, bizim o qədər də böyük idman uğurlarımız olmamışdı. Ancaq müstəqillik dövründə Azərbaycan dünya arenalarında ən yüksək nəticələrə çata bilib. Müstəqillik dövründə bizim Olimpiya çempionlarımız, dünya çempionlarımız, Avropa çempionlarımız özlərini göstərirlər və onların sayı getdikcə artır. Heç vaxt bu qədər Olimpiya çempionlarımız olmamışdı. Müstəqilliyin üstünlüyü müxtəlif sahələrdə özünü göstərir. İlk növbədə, Azərbaycan xalqı azad xalqdır, öz taleyini özü müəyyən edir. Bu gün Azərbaycan reallıqları belədir – hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, o, Azərbaycan vətəndaşıdır. O cümlədən bu müsbət dinamika, müsbət inkişaf idmanda da özünü göstərir və bu da təbiidir. Çünki hər bir sahədə uğurlarımız var, o cümlədən idmanda. İdmanda isə bu nəticələr daha əyani şəkildə özünü göstərir. Çünki medalların sayı, yarışlarda idmançılarımızın qələbələri artıq bu reallıqları təmin edir”.
Dövlət başçısı qeyd edib ki, Dünya kubokunun əldə edilməsi çox böyük hadisədir: \”Çünki bu, komandanın qələbəsidir. Bu, onu göstərir ki, bizdə bir-iki idmançı yox, bizdə komanda, çoxsaylı idmançılarımız dünya miqyasında ən güclü idmançılardır. Bilirəm ki, siz bu il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına da ciddi hazırlaşırsınız. Dünya kuboku yarışında göstərdiyiniz nəticələr ümid edirəm ki, iyun ayında da təkrarlanacaq. Bütün Azərbaycan xalqı qələbələr gözləyir. Bu, doğrudan da böyük tarixi nailiyyətdir. Biz birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. İki il bundan əvvəl mən bu barədə öz sözümü deyəndə bəziləri bəlkə də inanmırdı ki, Azərbaycan qısa müddət ərzində, cəmi 2 il yarım ərzində bütün hazırlıq işlərini yüksək səviyyədə görə biləcək. Ancaq bu gün demək olar ki, bizim bütün idman qurğularımız ya artıq hazırdır, yaxud da yaxın vaxtlarda hazır olacaq. Bütün təşkilati məsələlər öz həllini tapır və iyun ayında Azərbaycanda böyük idman bayramı qeyd ediləcək. Əlbəttə, Azərbaycan komandası bu Oyunlarda böyük tərkibdə təmsil olunacaq. Əsas ümidlərimiz, əlbəttə, ondan ibarətdir ki, güləşçilərimiz bizi bir daha sevindirəcəklər. Artıq Yay Olimpiya Oyunlarına da o qədər çox vaxt qalmayıb. Gələn il Rio-de-Janeyroda Olimpiya Oyunları keçiriləcək. Bilirəm ki, ciddi hazırlıq gedir. Bir daha qeyd etmək istəyirəm, belə mötəbər yarışlarda qələbənin qazanılması onu göstərir ki, bizim bundan sonra da qələbələrimiz olacaq”.
İnterpress.az