Sözün təsdiqibackend

Sözün təsdiqi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyrimi səkkiz illik Qarabağ həsrətindən sonra, bir çox maneə və çətinliyə baxmayaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz düşməni darmadağın etdi. Həmsədrlərin danışıqlar masasında görməli olduğu işi, Azərbaycan əsgər və zabiti özü yerinə yetirmək məcburiyyətində qaldı, xalqımızı halal haqqına qovuşdurdu, tarixi ədaləti və beynəlxalq hüququ təmin etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

Deputat bildirib ki, Qələbəmizə aparan yolda ağır və təhlükəli sədlər yetərincə idi. Bu, təkcə ermənilərin Qarabağda qurduqları çoxeşalonlu mühəndis-istehkam qurğularının, məlum xarici əngəllərin dəf olunması ilə bağlı deyildi. Daxili problemlər, biri digərindən çətin olan vəzifələr də öz həllini gözləyirdi: güclü ordu quruculuğundan, onun ən müasir silahlarla təchizatından, əlverişli və ədalətli diplomatik mühitin yetişdirilməsindən tutmuş ölkədə sosial-iqtisadi dayanıqlığın təmin olunmasınadək. Bunlardan da vacib olan Qələbəyə ictimai inamın sarsılmasına imkan verməmək, bu inam və müqəddəs hədəfimiz uğrunda tarixi birliyimizə nail olmaq idi. Prezident İlham Əliyevin öhdəsindən uğurla gəldiyi ən mürəkkəb vəzifələrdən biri də elə budur: torpaq məsələsində hər hansı güzəşti rədd edən, Vətən sevgisinə, dövlət və vətəndaş məsuliyyətinə, qarşılıqlı inama söykənən iradə birliyimizin təmin edilməsi. Qələbədən sonra Prezidentimizin işğaldan azad edilən Qarabağa hər səfərindən aldığımız mənəvi tarazlıq və rahatlıq hissi diktə edir ki, seçdiyimiz bu ağır və şərəfli yolda qazandığımız Qarabağla yanaşı, birliyimizi də bundan sonra göz bəbəyi kimi qoruyaq!
Qarabağda ermənilərin törətdikləri vandallığın, dağıntıların ağlasığmaz miqyası nə qədər ağrılı olsa da, şükür edirik ki, Qarabağı qaytarmışıq, Qarabağa qayıtmışıq. Bu təzadlı hissləri indi hər bir Azərbaycan vətəndaşı yaşayır, çünki Qarabağın əzəli və tarixi sahibi yalnız Azərbaycan xalqıdır. Ermənilər yadelli olduqlarına görə Qarabağı viran etdilər, torpaqlarımıza, daş-kəsəyimizə də düşmən kəsildilər. Düşündülər ki, bəlkə, qəddarlıqla gözümüzü qırıb Qarabağı bizlərə unutdura, özlərini isə torpaqlarımıza zorla sırıya, qəbul etdirə bilərlər. Alınmadı! Çünki mərdlik və düşmənə itaətsizlik, sevgi və şəfqət, gözəllik və mərhəmət ocağı olan Qarabağ qəddarlığı, yadelli tapdağını qəbul edə bilməzdi və etmədi, xilas gününü səbirlə gözlədi.
Ülvi Quliyev qeyd edib ki, indi Qarabağ bərpa və abadlığa qovuşmaq kimi ləyaqətli və layiq olduğu taleyini yaşayır. Prezident İlham Əliyev mayın 28-də işğaldan azad edilən Ağdama səfər etdi, məhz Respublika Günündə Ağdam ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə şəhərin Baş Planını təqdim etdi. Sözün əsl mənasında, ermənilərin düşmən kəsildiyi, xüsusi qəddarlıq göstərdiyi rayonlarımızdan biri də Ağdam olub. Erməni vandalları Ağdamı elə bir vəziyyətə salıblar ki, oradakı mənzərəni görən xarici qonaqlar vaxtılə əsrarəngiz gözəlliyi, qaynar həyatı ilə seçilən Ağdama indi “Qafqazın Xirosiması” deyirlər…
Ağdamın Baş Planının təqdimatı zamanı Prezident İlham Əliyev ağdamlılara bu müjdəni verdi: “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”. Dövlətimizin başçısı Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, 140 illik tarixi olan 1 saylı məktəbin yeni inzibati binasının, Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməlini qoydu, Ağdam şəhər meşə-parkının salınmasında iştirak etdi. Pənahəli Xan sarayının yerləşdiyi İmarət kompleksinin, Qiyaslı məscidinin, Şahbulaq qalasının bərpası, Zəfər və İşğal muzeylərinin tikintisi ilə bağlı tövsiyə və göstərişlərini verdi. Bütün bunlar, heç bir çətinliyə baxmadan, Qarabağda bərpa-quruculuq işlərinin başlanılması ilə bağlı Prezident iradəsinin və mövqe qətiyyətinin bəhrəsidir. Həm də bir daha onun təsdiqidir ki, Prezident İlham Əliyevin sözü, heç şübhəsiz, imzası qədər gücə sahibdir. Tədbirdə dövlətimizin başçısının Ağdam ictimaiyyətinin nümayəndələrinə söylədiyi bu fikirlər elə həmin səbəbdən təsadüfi deyildi: “Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir”.
Son günlər xüsusi canfəşanlıq edən, çox vaxt ermənilərin yalan və iftiralarına uyan ünvanlara da Prezidentimiz gərəkli mesajını verdi: “Çalışırdıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində təcavüzkara-işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır”. Prezident çıxışında Qələbəmizi şərtləndirən amillərə bir daha xüsusi diqqət çəkdi: “Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi… İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır… Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin böyük həqiqətləri ifadə edən bu fikirlərində Qafqaza marağını gizlətməyən dairələrə də ciddi mesaj yer alırdı. Prezidentimiz faktiki olaraq dedi ki, Ermənistanın öz dövlət müstəqilliyindən imtina yolunu seçməsinə uymasınlar. Torpaqlarımızın bir qarışında belə güzəştə getməyən Azərbaycan dövləti və xalqımız üçün müstəqillik Qarabağ qədər müqəddəs və əbədi seçimdir. Prezidentin demədiyi, dilə gətirmədiyi yalnız bir məsələ oldu. O demədi ki, torpaq həsrətimizə son qoyulmasının, milli qürurumuzun qorunmasının və şanlı Qələbəmizin təməlində bu illər ərzində məhz onun siyasi iradəsi və qətiyyəti dayanıb. Prezident bunları dilə gətirməsə də, qədirbilən xalqımız həqiqətləri dəqiqliklə bilir və öz Ali Baş Komandanının, Prezidentinin adını yaddaşına da, tarixinə də böyük hərflərlə artıq həkk edib. Buna siyasi qısqanclıqla yanaşan dairələr, canfəşanlıq edən ermənipərəst ünvanlar bilməlidirlər ki, Azərbaycan xalqının ali keyfiyyətlərindən biri də onun unutqan olmamasıdır. Ona görə, özlərini boş yerə yormasınlar!
O ki qaldı, son günlər Ermənistanın dövlət sərhədi, delimitasiya pərdəsi altında törətdiyi təxribatlara və göstərdiyi oyunbazlıqlara, Prezidentimiz onlara da öz kəsərli sözünü çatdırdı: “Mən bunu bir neçə gün bundan əvvəl mayın 10-da Naxçıvanda olarkən demişdim. Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə var, dərhal düşməni yerindəcə məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular”.
Ü.Quliyev diqqətə çatdırıb ki, bir daha rəzil olmamaq üçün Ermənistan revanş hissindən, hərbi-siyasi təxribatlarından və uydurduğu fobiyalardan, o cümlədən azərbaycanofobiyadan və türkofobiyadan, ən başlıcası, başqalarına qarşı ərazi iddialarından birdəfəlik imtina etməlidir. Əks təqdirdə, onları daha faciəli aqibət gözləyir. Seçim onlarındır. Lakin Ermənistan siyasətçiləri, onların lobbi mərkəzləri və himayədarları, ilk növbədə, erməni xalqı həqiqəti, reallığı olduğu kimi dəyərləndirməkdən çəkinməməlidir. Bilməlidir ki, faciələrdən qurtulmağın yolu boş xülyalardan imtina etməkdən, regiona inteqrasiyadan, kommunikasiyaların açılmasından və beynəlxalq-hüquq normaları çərçivəsində dinc birgəyaşayışdan keçir. Əks yol, sadəcə, ağılsızlıq və intihar deməkdir.

 

İnterpress.az