2025-ci ilin martından yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışı qadağan ediləcək.
interpress.az xəbər verir ki, Rusiya Federasiyasının Dövlət Duması 2025-ci ilin martından yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışını qadağan edən qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Parlamentin aşağı palatasının iyulun 31-də keçiriləcək iclasında qanun layihəsinə üçüncü oxunuşda baxılacağı planlaşdırılır.
Həmçinin qanun layihəsinə əsasən, həcmi 500 ml-dən çox olan istehlak qablarında alkoqolsuz tonik (o cümlədən enerji) içkilərin pərakəndə satışına icazə verilmir.
Sənədə əsasən, alıcının yetkinlik yaşına çatması ilə bağlı şübhə yaranarsa və onun yaşını müəyyən etməyə imkan verən sənəd təqdim olunmazsa, satıcı alıcıya alkoqolsuz tonik içkilərin, o cümlədən energetik içkilərin satışından imtina etməyə borcludur.
Rusiya Federasiyasının subyektləri alkoqolsuz tonik içkilərin (energetik içkilər də daxil olmaqla) satışının qadağan olunduğu obyektlərin siyahısını müəyyən edəcək.
Müəssisələr bu cür içkilərin satış vaxtı və yeri ilə bağlı da məhdudiyyətlər qoya bilər.
Xuraman Etibarlı
İnterpress.az