İqlim böhranıbackend

İqlim böhranı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İqtisadiyyatı ətraf mühitdən daha əhəmiyyətli hesab edirsənsə, pullarını sayarkən nəfəs alma”

İctimaiyyətin diqqətini iqlim dəyişmələrinə yönəltmək indiki şəraitdə əməli cəhətdən qeyri-mümkündür. Alimlər dəfələrlə xəbərdarlıq edirlər: iqlim dəyişmələri insan sağlamlığına təsirsiz ötüşmür və müasir insanın xəstəliklərin 80%-i dünyada ekoloji vəziyyətin pisləşməsinin nəticəsidir. Lakin iqtisadi böhran, valyuta məzənnələri, İŞİD və digər terror qruplaşmalardan xəbərlər ictimaiyyətin diqqətini daha çox cəlb edir. Bütün bu aktual, bəzən dəhşətli xəbərlər iqlim dəyişmələri problemini ikinci plana çəkir.

Lakin sizə elə gəlmir ki, başıbəlalı təbiətin səbri tükənmək üzrədir? Son illərin təbii fəlakətləri buna bir çox sübut gətirdi. Ən dəhşətli indi xəbərlər – hava haqqında məlumatlardır.

İqlim böhranı

2010-cu ildə Avropanı və ABŞ-ın şərq sahillərində qeyri – adi qar və şaxta hökm sürdü.
Region isti Qolfstrim axınından məhrum oldu, hansı ki bu zonanın ölkələrini yumşaq iqlim ilə təmin edirdi. Qolfstrimi soyuq axınlar məhv etdi, buna Arktikanın buzlarının qlobal istiləşmə üzündən əriməsi səbəb oldu.

Fəlakət respublikamızdan da yan keçməyib. 2010 – cu ilin aprel ayında Kür çayının məcrasından çıxması nəticəsində 20 min evi su basdı, 70 minə yaxın insan evini tərk etmək məcburiyyətində qaldı. Baş verən daşqınlar nəticəsində 51 min hektar sahəni (otlaqları və əkin sahələrini) su basdı.
2011-ci ildə də təbiət insanlığa kimin Yer Kürəsinin sahibi olduğunu göstərməyə davam etdi.

11 martda Yaponiyada, seysmoloqların qiymətinə görə, ölkə tarixində ən güclü doqquz bal gücündə zəlzələ oldu. 20-dən artıq yeraltı təkanlar qeydə alındı, və onların ardınca sahilə hündürlüyü 10 metrə qədər olan güclü sunami düşdü.

23 minə yaxın insan öldü və itkin düşdü. Minlərlə insan evsiz galdı, digərləri isə zədələnmiş atom elektrik stansiyası “Fukusima-1” ətrafından evakuasiya edildi. Zəlzələ və sunami nəticəsində “Fukusima-1” atom elektrik stansiyasında qəza baş vermişdir. “Çernobıl” fəlakətindən sonra dünyanın ən böyük ikinci nüvə fəlakəti sayılan “Fukusima” milli miqyasda ayrı bir faciə oldu. Həmin ilin aprel ayında 250-yə yaxın dağıdıcı tornado ABŞ ərazisindən keçdi. Mart aprel ayları tarixdə ən quraqlıq aylar kimi qeydə alındı və Texas meşələrinin güclü yanğınlarına səbəb oldu.

2012-ci ilin oktyabr ayında “Sandy” qasırğası ABŞ-ın şərq sahillərini və Karib hövzəsi ölkələrini əhatə etmişdir. Leysan yağış, sürəti saatda 140 km çatan külək asanlıqla ağacları kökündən qoparırdı, evlərin dam örtüklərini uçururdu, reklam şitlərini qırırdı.

Amerika Birləşmiş Ştatlarının bu günə qədər gördüyü ən şiddətli qasırğası olan “Sandy” qumar oyunlarının paytaxtı – Atlantic City şəhərini su altında qoydu. Ümumi 23 əyalətdə təsirli olan “Sandy” New York şəhərində metro tünellərini sulara qərq etdi.

2013-cü ilin noyabr ayında Filippini təsiri altına alan “Haiyan” qasırğası Takloban şəhərini yer üzündən sildi. Meteoroloji müşahidələr tarixində ən güclü tropik siklon olan “Haiyan” Vyetnam və Çinidə cənginə aldı. Sürəti saatda 314 km çatan külək qasırğası, çoxmetrli dalğalar, su altında qalmış şəhərlər. “Haiyan” qasırğasından ümumilikdə 11 milyondan çox insan zərər çəkdi, 6 minə yaxın insan həlak oldu.

İqlim böhranı

Birləşmiş Millətlər Təşkilatında “Gələcək üçün hava proqnozu” eyni adlı lahiyənin hesabatı hazırlanıb. Ekspertlərin nəticələri təsəlliverici deyil: dünyada təbii fəlakətlər (fırtınalar, sel və quraqlıq) növbəti onilliklərdə 2050 ilədək getdikcə şiddətlənəcək.

Siz deyərsiz: mən nə edə bilərəm ki? Mən tək, planetin müqəddəratına necə təsir göstərə bilərəm? Çox mühümdir ki, hər kəs elə özündən başlasın. Vacibdir ki, hər kəs ətraf mühitə ehtiyatlı yanaşmanın sadə qaydalarına riayət etsin.

Qarşınıza məqsəd goyun – bütün ehtiyatlardan qənaətlə istifadə etmək: elektrik enerjisini, suyu, ərzaq məhsullarını. Ekoloji cəhətdən təhlükəsiz (kimyəvi kübrəsiz, pestisidsiz) yetişdirilmiş yeyinti məhsullarını seçin. Şəxsi avtomobillərinizdən mümkün qədər az istifadə edin. İctimai nəqliyyata üstünlük verin. Qısa məsafələr üçün nəqliyyat vasitəsinə minməyin, piyada gəzin.

Tərkibində xlor, fosfatlar, fosfanatlar olan kimyəvi məişət vasitələrini istifadə etməyin. Bu maddələr ətraf mühit və insan sağlamlığı üçün təhlükəlidirlər. Əgər hər kəs bu qaydalara riayət etsə, iqlim dəyişmələrinə qarşı mübarizədə böyük irəliləmə baş verər.

Ətraf mühitin mühafizəsi geniş təbliğatsız mümkün deyil.

Təbiətə onun miqyasından asılı olmayaraq hər bir qəsd ictimai qınaqla qarşılanmalıdır. İnsan başa düşməlidir ki, o təbiətin padşahı deyil, sadəcə olaraq təbiətin bir hissəsidir. Yer kürəsi bizim dünyamızdır, bizim ümumi evimizdir – onsuz biz mövcud ola bilmərik.

Aida Zeynalova
Ekoloq

İnterpress.az