Qoşunların təmas xəttində aprelin sonlarındakı iki günlük artilleriya döyüşünün üstündən iki həftə keçəndən sonra yenə də gərginlik pik həddə çatıb. Atışmalar xüsusilə də Tərtər istiqamətində intensiv olub. Düşmənin yenidən fəallaşması ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirlərinin vasitəçiliyi ilə Vyanada keçiriləcək prezidentlərin görüşünə təsadüf edir.
Məntiqlə, Ermənistan danışıqlara bərpa olunması halında əlavə vaxt qazanmaq üçün atəşin qorunub-saxlanmasına razı olmalı idi. Ancaq düşmən həm hay-haray salıb Azərbaycanın qarşısında 80-ci illərin silahı ilə dayanmasından, Rusiyanın İrəvanı müdafiə etməməsindən, Bakıya silah satmasından şikayətlənir, həm əsgər çatışmazlığından orduya muzdlu yığır, qadınları cəlb edir, həm də süni gərginliyi saxlamaqda davam edir. Bunun səbəbləri barədə ən müxtəlif fikirlər var.
İlk ağla gələn versiya budur ki, Sərkisyanın ağır durumdan çıxması üçün yeganə yol Azərbaycanla gərginliyi saxlamaq, cəmiyyəti xarici düşmənə qarşı səfərbər etməkdir, əks təqdirdə erməni xalqı onun hakimiyyətini süpürüb atmağa qərar verəcək. Elə son aksiyalar da bunun anonsudur. Görünən budur i, hakimiyyəti laxlayan Sərkisyan rejimi intihardansa, müharibəni davam etdirməyə qərarlı görünür. O da məlumdur ki, Ermənistan prezidenti bir neçə həftə əvvəl danışıqların bərpası üçün üç şərt irəli sürmüşdü. Erməni politoloq Gevorq Melikyan deyir ki, Sərkisyanın bu şərtlərinin heç biri yerinə yetirilməyib. Ona görə də danışıqlara getməyin mənası yoxdur.
* * *
Azərbaycan-Ermənistan təmas xəttində hər an yeni bir qığılcım alovlana bilər. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksandr Skakov deyib. Skakov təmas xəttində gərginliyin yenidən başlamasının vaxtının yetişdiyini qeyd edib: “Sülh prosesi başlamayıb. Münaqişənin həlli olmadan həqiqi sülhdən danışmaq olmaz. Ona görə hər an savaş başlaya bilər”. Qeyd edək ki, britaniyalı analitik Tomas de Vall da açıqlamasında Qarabağda savaşın Formula-1 yarışlarından sonra başlayacağını iddia edib.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a dedi ki, aprelin əvvəlində cəbhə xəttində baş verən gərginliyin davam etməsi ermənilərin aldıqları ağır zərbə ilə barışmaq istəməməsinin əlamətidir: “Düşmən ağılsızlıq edərək mövqelərimizi atəşə tutmaqda davam edir. Onların yenidən Tərtər rayonunu ağır artilleriyadan atəşə tutması bunu deməyə əsas verir ki, bu zatıqırıqlar deyəsən, hələ də ağıllarını başlarına yığmağı bacarmayıblar. Bəlkə də onları yerində sakit oturmağa havadarları qoymur. Hələ üstəlik, prezidentlərin uzun fasilədən sonra mayın16-da bir araya gələcəyi xəbərinin ardınca cəbhədə vəziyyət daha kritik fazaya keçə bilər. Prezidentlərin son görüşü ötən il dekabrın 19-da İsveçrənin Bern şəhərində baş tutanda ya görüş öncəsi, ya da görüşdən dərhal sonra cəbhədə çox ağır atışmalar müşahidə olunmuşdu. Bu, yaramaz erməni ağılsızlığının bariz nümünəsi olan çox səhv və yanlış taktikadır”.
Ü.Cəfərov qeyd etdi ki, hər zaman onun-bunun əlində alət, vasitə olan ermənilər tamam başlarını itiriblər: “Hiss olunur ki, daxildə çox böyük narazılıq və narahatçılıq var ki, erməni siyasi-hərbi rəhbərliyi acınacaqlı durumdan çıxmaq üçün müxtəlif variantlara əl atır”.
* * *
Bu arada Ermənistan Rusiyanı müharibəyə qatmaq üçün əlavə cəhdlər göstərir. Ermənistan ordusunun Naxçıvan istiqamətində dislokasiya olunmuş 4-cü korpusunun komandanı, general Andranik Makaryan təmas xəttinin bu istiqamətində vəziyyətin “hər an dəyişə biləcəyini” deyib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, general Makaryan Azərbaycan ordusunun Naxçıvan istiqamətində sərhədə hərbi texnika və əlavə qüvvələr cəmləşdirməsinə dair son günlər Ermənistanda yayılan xəbərlərə şərh verərkən belə deyib. “Biz hər an vəziyyətin istənilən inkişafına hazır olmalıyıq. Sərhədin bütün perimetri boyu situasiya cəmi bir neçə saat ərzində ildırım sürəti ilə dəyişə bilər”- düşmən generalı deyib. Ermənistan Rusiyanın açıq dəstəyinə nail olmaqla itirdiklərini qaytaracağına və ilhaq olunan ərazilərdə möhkəmlənəcəyinə ümid edir.
Üzeyir Cəfərov düşmənin Naxçıvan cəbhəsində təxribatlara əl atmasını da səbəbsiz saymır: “Çoxdan idi ki, bədnam qonşularımız Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun müdafiə zolağına tərəf hər hansı təxribat etməyə cürət belə etmirdilər. Amma son iki ay ərzində artıq Ermənistan Silahlı Qüvvələri iki dəfə cəbhənin bu istiqamətində atəşkəs rejimini həm pozublar, həm də əsgərlərimizdən güllə yarası alıb yaralananlar da olub. Bu isə o deməkdir ki, deyəsən, Ermənistan bu dəfə sözün birbaşa mənasında çox rüsvayçı və aşağılayıcı zərbə alacaq. Ya bunların Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hazırlığından ətraflı məlumatları yoxdur, yox əgər varsa, onda yaxın vaxtlarda ermənilər hansı səhvi etdiklərinin fərqinə varmağa çalışacaqlar”.
Ü.Cəfərov prezidentlərin gözlənilən görüşü ilə bağlı bir məqamı xüsusi qeyd etdi: “Çox yaxşı olardı ki, nəhayət, Vyanada baş tutacaq görüşdə ən azından Azərbaycan prezidenti, cənab İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bağlı çox sərt mövqe nümayiş etdirsin. Məhz son toqquşmalar zamanı və ümumiyyətlə, bu 22 ildə hər iki tərəfdən ölən, yaralanan, ömürlük şikəst, əlil olan şəxslərə görə məsuliyyət məhz bivec 3 həmsədrin, eləcə də polşalı diplomat Anjey Kasprşikin üzərinə düşür. Və ən sonda, şəxsi düşüncəmə görə Vyanada baş tutacaq görüş həm xarakterinə, həm də mahiyyətinə görə bu günə kimi keçirilən görüşlər içərisində ən ağır və çətin olacaq. Hesab edirəm ki, 1994-cü ildən bu ilin aprelin əvvəllərinə kimi cəbhədə hələ bu qədər faciəvi vəziyyət yaşanmamışdı. Doğrudur, buna erməni yaramazlar səbəb olsalar də, sonda elə ”çanaq öz başlarında çatladı\”. Silahlı Qüvvələrimizin məhdud sayda şəxsi heyəti və cüzi döyüş texnkası erməni işğalçı dəstələrin elə bir zarsıdıcı zərbə endirə bildilər ki, indi Sərkisyan-Ohanyan cütlüyünün gücü yalnız ona çatır ki, təxribatların sayını daha da artırsınlar\”.
Bu arada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin ölkəmizdə üçtərəfli görüş keçirməsi də kifayət qədər ciddi hadisədir. Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli, Türkiyə Müdafiə naziri cənab İsmət Yılmaz və Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub. Şübhə yox ki, bölgədəki vəziyyət, o cümlədən Qarabağ məsələsi əsas müzakirə mövzusu olacaq. Xüsusilə də bu görüşün Tərtər cəbhəsində müşahidə olunan gərginliyə təsadüf etməsi səbəbsiz görünmür. Gerçəklik budur ki, Ermənistan avantürüst əməlləri ilə təkcə Azərbaycanı yox, həmçinin qonşu ölkələri təhdid edir, kimyəvi silahı, Metsamor AES-i, Bakı-Tiflis-Ceyhanı vuracağı ilə. Belə olan təqdirdə müdafiə nazirlərinin bir araya gəlməsi, vəziyyəti ortaq müzakirə etməsi tam məntiqlidir.
* * *
Vyana görüşü ərəfəsində Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistana səfər edəcəyi barədə qeyri-rəsmi xəbərlər dövriyəyə buraxılıb. Bu həftə isə Rusiya baş nazirinin müavini Dmitri Roqozin Bakıya gələcək. Qeyd edək ki, onun sonuncu səfəri aprel ayında baş tutmuşdu. Hələlik ardıcıl səfərləri zəruri edən amillər açıqlanmır. Putinin səfəri mayın əvvəlində gözlənilsə də, sonradan onun vaxtının ertələndiyi və may ayının sonlarında baş tutacağı deyildi. Maraqlıdır, nədən Putin təşəbbüs göstərib Azərbaycan və Ermənistan prezidentlərini Moskvada görüşdürmək istəmir?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a xatırlatdı ki, keçmiş prezident Dmitri Medvedyevin dönəmində Azərbaycan və Ermənistan prezidentləri tez-tez Rusiya şəhərlərinə dəvət edilib 3 dövlət başçısı arasında fikir mübadiləsi aparılardı. Rusiyanın hazırkı prezidenti Vladimir Putin isə fərqli siyasət yürüdür: “O cəbhə bölgəsində son toqquşmalara qədər, ümumiyyətlə, Qarabağ münaqişəsinin həllinə maraq göstərmirdi. Ancaq indi vəziyyət elədir ki, Putin Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirməsə, Rusiyanın prosesə nəzarəti azalacaq. Kreml isə buna imkan vermək istəmir. Ona görə də Putin Azərbaycan və Ermənistan prezidentlərini Moskvaya dəvət etmək əvəzinə özü bölgəyə səfərə hazırlaşır”.
Ekspert Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı iki versiya irəli sürdü: “Birinci versiya bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişənin həlliylə bağlı Putinin planının ümumi konturları hazırdır və o, bu planın detalları ilə azərbaycanlı həmkarını tanış etmək istəyir. Aydındır ki, Putin bu planını erməni həmkarına da təqdim etməlidir. Ona görə də plan müzakirə olunduğu müddətdə Putin hər iki tərəfi atəşkəsə riayət etməyə çağıracaq”.
E.Şahinoğlunun fikrincə, görünür, Putin də hiss edir ki, yaxın aylarda bölgədə böyük müharibə başlaya bilər: “Rusiya prezidenti isə Cənubi Qafqazda başlana biləcək müharibədən ehtiyat edir, Suriya və Ukraynada məsələlər bitməmiş cənub istiqamətində də enerjisi itkisindən qorxur. Çünki Qərb Rusiyanı zəiflətmək üçün müxtəlif yollar axtarır. Rusiya Cənubi Qafqazda başlanacaq müharibədə Ermənistanı müdafiə etsə və hərbi toqquşmalara müdaxilə etsə, Azərbaycanla münasibətlərini gərginləşdirməklə yanaşı Qərb və İslam dünyası ilə münasibətlərini gərginləşdirəcək. İkinci versiya isə bundan ibarətdir ki, Putin keçmiş prezident Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 2011-ci ildə hazırladığı ”Kazan prinsiplərini\” yenidən rəsmi Bakıya qəbul etdirməyə çalışacaq. Putin bununla bərabər Bakıda xarici işlər naziri Sergey Lavrovun “atəşkəsə riayət olunmalıdır”, “insidentlər araşdırılmalıdır” kimi fikirlərini təkrarlaya bilər. Hazırki vəziyyətdə statusun müəyyənləşməsini nəzərdə tutan “Kazan prinsipləri” Azərbaycanın maraqlarına uyğun deyil. Putinin hazırladığı başqa planın da Azərbaycanın maraqlarına uyğun olacağını vurğulamaq problematikdir. Bütün hallarda Putinin bölgəyə gələcək səfəri münaqişənin danışıqlar yolu ilə həllinə təkan verməyəcək. Çünki Putin nə Ermənistanı, nə də Azərbaycanı itirmək istəyir, hər ikisinin narazlığına səbəb olmayacaq həll variantı təklif etmək niyyətindədir. Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından isə bu mümkün deyil\”.
Bu həftə isə Qarabağla bağlı gözləntilər kifayət qədərdir. Hər halda aprel döyüşləri, ondan sonrakı situasiya bütün dünyaya göstərdi ki, status-kvonun saxlanması, münaqişənin dondurulması, sadəcə, basdırılmış mina effektini verə bilər. Deməli, Qarabağla bağlı nə isə baş verəcək… (Musavat.com)
İnterpress.az