Fitrə zəkatı Ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır. İmkanı çatan hər bir müsəlmanın özü və öhdəsində olan kəslər üçün fitrə zəkatı verməsi vacibdir. İmkanlı şəxs dedikdə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. Belə olmayan şəxs fəqirdir, ona fitrə zəkatı vacib deyil. Həmin şəxslər fitrə zəkatını ala bilər.
Fitrə zəkatını Ramazan ayının son günündə, məğrib (şam) azanından sonra ayırmaq və Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq tövsiyə olunur. Əgər bu mümkün olmazsa, bayram namazı qılınandan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir.
Ev sahibi özü üçün və dolanışığı onun öhdəsində olan şəxslər üçün (yaşından asılı olmayaraq) fitrə zəkatı ayırıb ödəməlidir. Körpə uşaqlara görə də fitrə zəkatı ayrılmalıdır. Fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən ərzaq növlərinin birindən adambaşına 3 kq olmaqla hesablanır. Ərzaq növləri isə buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı ola bilər. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verilə bilər. Məsələn, Azərbaycanda buğda çörəyindən və düyüdən daha çox istifadə olunduğu üçün insanlar adambaşına 3 kiloqram düyünün və ya 3 kiloqram buğdanın qiymətini hesablayıb fitrə çıxara bilərlər. Fitrə zəkatı halal maldan və ya puldan verilməlidir.
Fitrə maddi vəziyyəti çətin olan adamlara, fəqir-füqəraya verilməlidir. Hər kəs öz kasıb qohumuna və ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Fitrə alan fəqirin aqil olması lazım deyil. Lakin yaxşı olar ki, içki içən və ya açıq-aşkar böyük günahlar edən, həmçinin, fitrəni Allaha günah edilən yerlərdə istifadə edən şəxslərə fitrə verilməsin. Fitrə zəkatı verildikdə ehtiyaclı qohumları yadlardan, sonra ehtiyaclı qonşuları digərlərindən, habelə, ehtiyaclı elm əhlini elm əhli olmayanlardan önə salmaq müstəhəbdir (bəyəniləndir).
İslama görə, Ramazanın sonuncu günündə, iftar vaxtı gəlmiş qonağın fitrə zəkatı da ev sahibinin boynundadır. Maddi durumu həddən artıq pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddırlar.
İlahiyyatçı ekspert Bəhruz Camal açıqlamasında bildirdi ki, fitrə zəkatını Ramazan ayından qabaq vermək olmaz: “Verdiyi halda isə Fitr bayramı günü yenidən verməlidir. Həmçinin mübarək Ramazan ayında da bayramdan öncə verilməsi məqbul hesab edilmir. Fitrə zəkatının verilmə vaxtı Fitr bayramı günü, namaz qılmazdan əvvəldir. Bu baxımdan, Fitr bayramı namazını qılan şəxs gərək fitrəni namaz qılmazdan əvvəl versin. Lakin əgər bayram namazı qılmırsa, bayram gününün zöhr (günorta) vaxtına qədər gecikdirə bilər. Əgər fəqirə əli çatmırsa, öz malından bir miqdar fitrə niyyəti ilə ayırıb, nəzərdə tutduğu vaxt üçün kənara qoya bilər. Onu verdiyi hər bir vaxtda fitrə niyyəti etməsi vacibdir. Əgər fitrə zəkatının vacib olduğu vaxtda fitrə verməsə və yaxud kənara qoymasa, sonradan fitrəni verməlidir. Fitrə üçün kənara qoyulan mal başqa bir malla əvəz edilə bilməz. Əgər insan qiyməti fitrədən çox olan malının bir miqdarını fitrə verəcəyini niyyət etsə, eybi yoxdur. Yaxşı olar ki, fitrə zəkatı şəxsin yaşadığı ərazidə istifadə edilsin. Məsələn, ayrı şəhərdə olan qohumları üçün göndərə bilməz. Əgər o məntəqədə fəqir şəxs olmasa, başqa yerə göndərilə bilər”.
Məlum olduğu kimi günümüzün problemlərindən biri də kredit borcu problemidir.
Azərbaycanda banklara olan kredit borcu qarşısında çətin vəziyyətə düşən minlərlə ailələr var. Onlara fitrə zəkatının vacib olub-olmaması məsələsini dəyərləndirən ilahiyyatçı bildirdi ki, əgər krediti olan şəxs ailəsinin illik xərclərini ödəyə bilirsə, ona fitrə zəkatı vacibdir, ödəyə bilmirsə, o zaman fəqir sayılır və fitrə zəkatı ala bilər: “Hətta borcu və ya kreditləri olsa belə bu dəyişmir. Nəzərə almalıyıq ki, əhalinin çox hissəsi kreditlə yaşayır, deməli, illik gəlirlərinin də tənzimlənməsində bu xərcləri nəzərə alırlar. Yox, belə olmazsa, yəni fərd özünün və ailəsinin illik xərcini ödəmək iqtidarında olmazsa və ya çox çətinliklə ödəyərsə, o şəxs fəqirdir, ona fitrə zəkatı vacib deyil və fitrə zəkatını ala bilər”. (musavat)
İnterpress.az