Zavodun girişində əyləşən uşaqlı xanımlar bizi görüb gileylənirlər:
“Onsuz da yazmağınızın heç bir xeyri yoxdu. Bekara əziyyət çəkib gəlmisiniz. O qədər yazıblar ki, amma heç maraqlanan olmayıb”.
Bizi görən kimi uzaqdan gələn Ağdam sakini Güllə nənənin gözləri dolur:
“Sizlərdən bəlkə bura iyirmisi gəlib, amma nə xeyri. Gəlin baxın bizim şəraitimiz göz qabağındadı. Hamıya yer verirlər, bircə bizdən başqa. Erməni orda bizi qırdı, bunlar da bizi burda qırırlar.
Güllü nənə bizi yaxınlıqda yerləşən bir otaqlı evə dəvət edir:
Baxın, görün nə şəraitdə yaşayırıq. Bura mənim oğlumun evidi. İki uşaq, özü və həyat yoldaşı bir otaqlı evdə yaşayırlar. Bu yaşayış deyil. Gəlirsiniz çəkirsiniz aparıb göstərirsiniz, amma baxan olmur. Mən Ağdamın Şelli kəndinə iki mərtəbəli ev qoyub gəlmişəm e oğul. İndi zavodda yaşayırıq. Bit – birə canımıza daraşıb burda. Toz – torpaqdan göz açmalı deyil. Adamın bir Allahı olar. Gəlsinlər görsünlər biz burda nə çəkirik. Mən heç onların verdiyi yeri də istmirəm. Mənə öz torpağımı versinlər gedim orda yaşayım”.
Həyətdə oynayan uşaqlar da üstümüzə qaçır:
“Bizim də şəklimizi çəkin. Pis gündə yaşayırıq. Biz hamımız burada doğulmuşuq. İşığımız olsa da, qazımız yoxdu”.
Həyətə toplaşan qadınlar bizimlə söhbətlərində zavodun ərazisini onlara pulla satdıqlarını deyirlər:
“Televiziya kanalları bura gələndə, zavod rəhbərliyi çəkiliş üçün onlara imkan vermir. Neçə dəfə ans – dən, xəzər tv – dən gəliblər. Amma, çəkilişə imkan verməyiblər. Təmiz hava yoxdu burda qardaş. Hava almaq üçün zavoddan bayıra çıxırıq. İki il öncə burda yanğın oldu: ata öz iki azyaşlı uşağı ilə evində yandı. Boş torpağı bizlərə satıblar. Bu taxta evləri isə özümüz tikmişik”.
Sakinlərdən ayrılıb zavodun ərazisinə baxış keçiririk. Cəbrayıl sakini Natiq bəy də burda yaşamağı ironiya ilə təsvir edir:
“Görürsünüz də yaşayışımız necə də qəşəngdi. Hər yer yaşıl ağaclar və mən də oturmuşam bu ağacın altında çay içirəm”.
Zarafatı bitirib zavodun damını göstərir:
“Yuxarı baxın, görürsünüz o dəmirləri? O gün qırılıb maşının üstünə düşdü. İndi gözləyirlər ki, kiminsə başına düşə və ölüm ola burda”.
Zavodun ərazisində şəkil çəkərkən qapıdan boylanan xanım qışqırır:
– Ey! Siz kimsiniz ki, zavodun şəklini çəkirsiniz?
Qapıya yaxınlaşıb xanımın sualını cavablandırırıq:
– Biz jurnalistik xanım.
Eynəyini gözünə taxan xanım vəsiqəmə baxıb mənə qaytarır:
“Bağışlayın sizinlə kobud danışdım – deyir Olqa xanım. Bu vaqonda yaşayıram. İki uşağım var. Özüm də şəhid bacısıyam. Həyat yoldaşım Füzulidən məcburi köçkün idi, rəhmətə gedib. Yer qalmayıb şikayət etməyək. Amma, vallah baxan yoxdu. Çimməyə hamamımız da yoxdu. Bu “Formula 1” ə gələn qonaqlara deyərdilər də gəlib bizim şəraitimizə baxsınlar”.
Ağdam sakini Gülbəniz xanım da ürək xəstəsi qız uşağı ilə bir otaqlı evə sığındığını deyir:
“Ağdam sakiniyəm. İki azyaşlı uşaqlarımla bu bir otaqlı evə sığınmışam. Yer nəmişlikdi ayaqlarımız rematizma olub. Uşağım biri də ürək qüsurludu, əməliyyat olunacaq. Həkim mənim evimə baxıb dedi ki, uşağı əməliyyatdan sonra bura gətirmə yoxsa, axırına çıxarsan. Özüm də “salyanskı” kazarmada xadiməyəm. Hamamımız da yoxdu. Hamamı olan deyir ki, hər ay otuz manat ver, gəl, çim.
Biz xahiş edirik bizlərə köməklik göstərsinlər. Biz bura gələndən bizə deyirlər ki, sizi köçürəcəyik, amma köçürən yoxdu”.
Vasif Əlihüseyn