Allah-təalanın peyğəmbərimiz Məhəmməd əleyhissəlama nazil erdiyi Qurani-Kərimdə hər bir bəndəyə vacib buyurduğu namazın niyə məhz 5 vaxtda və hər fəsilə, aya uyğun olaraq günün konkret saat və dəqiqələrində qılınması barədə Peyğəmbərimizin(s) öz hədislərində və sonrakı imam və alimlərin kəlamlarında xeyli bəhs edilib.
Lakin müasir elmin namaz vaxtlarının sirrini necə izah etməsi barədə az yazılıb.
Müsəlman ibadətinin 5 vaxtı Günəş sistemi planetlərinin hərəkətinə uyğundur…
Araşdırmalarımız sayəsində müsəlman ibadətinin bilavasitə kosmik fəzadakı astronomik proseslərlə bağlılığı haqda maraqlı faktlar əldə etdik.
Dağıstanlı alim, tibb elmləri doktoru B.S.Ələkrinskinin əldə etdiyi nəticələrə görə, insan orqanizminin 400-dən artıq funksiyası bioloji saatlara tabedir. Sutka ərzində orqanizmdəki bioritmlərin 50 kiçik və 5 böyük dövrü biri-birini əvəz edir. 5 böyük dövrün dəyişməsi Günəş sistemi planetlərinin yerdəyişməsinə uyğun baş verir. Və maraqlıdır ki, 5 gündəlik namaz vaxtı da məhz insan orqanizmindəki həmin 5 dövrün dəyişmə vaxtları ilə üst-üstə düşür. Bu 5 dövrdən biri o birini əvəz edərkən öncə bədəndəki bioloji aktiv nöqtələrin (BAN) açılması baş verir. Həmin aktiv nöqtələr 15 dəqiqə ərzində bu vəziyyətdə qalır. Sonra isə BAN-ların tədricən bağlanması baş verir. Bu proses 2 saata yaxın davam edir.
Namaz vaxtı çatanda bədənimizdəki bioloji aktiv nöqtələr açılır…
Məhəmməd peyğəmbərimizin(ə.s.) bir sıra hədislərində buyurulur ki, ən qiymətli namaz öz vaxtında qılınan namazdır. Ancaq üzrlü səbəbdən namazı ilk vaxtlarında qıla bilməyən möminlər onu sonrakı 1,5-2 saat ərzində qıla bilərlər. Həmin vaxt da orqanizmdəki aktiv nöqtələrin tədricən bağlanması ilə üst-üstə düşür. Müəyyən edilmiş müddətdən, yəni növbəti namazın vaxtı gəldikdən sonra qılınacaq namaz isə artıq qəza hesab edilir və insanın fizioloji və ruhi-psixoloji durumu üçün eyni effekti vermir. Deməli, namazın konkret vaxtlarda qılınması bədəndəki bioloji aktiv nöqtələrin iş rejimi ilə bağlıdır.
Ən əsası, bütün diqqətin Allaha yönəldilməsidir…
Əlavə edək ki, dinimizə görə, namaz vaxtı ən əsası, diqqət və düşüncənin yalnız Uca Yaradan üzərində cəmlənməsi və gerçək dünya həyatındakı problemləri unutmaqdır. Aydındır ki, məhz bioloji aktiv nöqtələrin açıldığı vaxtlarda Yerdəki qayğılardan təcridolunma və bütün düşüncələrin Allaha yönəldilməsi əsəb sisteminə, psixikaya, ruhi duruma və beləliklə, insanın hər iki dünyadakı gələcək taleyinə müsbət təsir göstərir. (moderator.az)
İnterpress.az