Suriyadan qayıdan azərbaycanlı: ‘Biz uşaqları və qadınları basdırırdıq…’backend

Suriyadan qayıdan azərbaycanlı: ‘Biz uşaqları və qadınları basdırırdıq…’

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Rufan Ağcabəyov və Vladimir Marfinin cinayət işi üzrə məhkəmə prosesi iyulun 15-də davam etdirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbirinin məlumatına görə hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən hər iki şəxs ifadə verib.

Əvvəlcə təqsirləndirilən şəxs qismində dindirilən Rufan Ağcabəyov Suriyadan getməmişdən Azərbaycanda nə işlə məşğul olduğunu deyib. Bakıda ətir mağazalarından birində satıcı işləyən R.Ağcabəyov mağaza bağlanandan sonra tikintidə fəhlə işləyib. Ailəsini çətinliklə dolandırdığını deyən Rufan Suriyada humanitar yardım verildiyindən oraya getdiyini söyləyib.

Həyat yoldaşının epilepsiya xəstəsi olduğunu və bu səbəbdən də daha çox valideynlərinin yanında qaldığını bildirən Rufan bir övladının olduğunu deyib:

“Ailəmi güclə dolandırırdım. Azrəbaycanda heç bir problemim olmayıb, bura mənim öz vətənimdir. Saqqalım olduğu üçün burada iş tapa bilmirdim”.

Rufan Suriyaya gedərkən sonradan geri qayıdaraq ailəsini də aparmağı düşündüyünü etiraf edib: “Suriyaya döyüşmək məqsədilə getməmişdim. Tanıdığım uşaqlardan Suriyada olanlar var idi. Eşitdim ki, oraya gedənlər üçün humanitar yardımlar verilir. Ailəli olanlara 350-400 dollar verilirdi. Geri qaydıb ailəmi aparacaqdım”.

Suriyada gördüklərindən qorxduğunu deyən Rufan orada hansı işləri görməsi barədə belə ifadə verib: “Orada bizimlə yanaşı başqa millətlərdən olanlar da var idi. Türkiyədən yardımlar gəlirdi. Gələn yardımları mühacirlər arasında paylayırdıq. Biz də mühacir sayılırdıq. Yaralıları xəstəxanalara daşıyır, döyüşlərdə ölən qadınları, uşaqları dəfn edirdik.

Sonra döyüşlər olduğunu görüb geri qayıtdım”.

Suriyanın Artma qəsəbəsində- azərbaycanlıların məskunlaşdığı ikimərtəbəli qərargahın olduğunu söyləyən təqsirləndirilən şəxs onları “Azad Suriya Ordusu”nun qoruduğunu bildirib.

Suriyada “Xalid Azəri” ilə görüşən Rufan özünün silahı olmadığını deyib.

“Xalid Azəri” barədə məlumat üçün bildirək ki, o, əslən Tərtər rayonundan olub. 2014-cü ilin oktyabr ayında koalisiya qüvvələrinin Kobanidə həyata keçirdikləri əməliyyat zamanı 25 nəfərlik dəstəsi ilə birlikdə öldürülüb. Əsl adı isə Rövşən Bədəlovdur.

“Abu Mücahid” ləqəbi ilə Suriyada tanınan Rufan 2014-cü ilin yayında Bakıya qayıdıb və bir neçə gün sonra Bakıda MTN əməkdaşları tərəfindən həbs edilib.

Hakimin sualına cavab olaraq ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmədiyini deyən Rufan MTN-də təzyiqə məruz qaldığını söyləyib.

“Bakıda cümə namazına gedirdim. Nərimanovda MTN əməkdaşları məni saxladılar. MTN-ə aparıb, Suriyada olub-olmadığımı soruşdular. MTN-çilərdən biri vaxtilə əkiz qardaşım Rufana görə məni 2011-ci ildə dindirmişdi. Məni tanıdı. MTN-də Suriyada gördüklərimi, nə etdiklərimi məlumat olaraq dedim. Ancaq müstəntiq danışdıqlarımı savadsız olmağımdan istifadə edərək mənim adıma yazıb. Halbuki mənə qarşı irəli sürülənləri mən yox, şəriət məhkəməsi edir”-deyən Rufan günahsız olduğunu söyləyib.

Silahla çəkilmiş şəklinin olduğunu deyən Rufan həmin fotonun Qarabağda çəkildiyini bildirib: “Bir şəklə görə adamı həbsxanayamı göndərərlər? Silahla şəklim Qarabağda var. O zaman müharibədə olanda çəkdirmişdim. Saqqalımı da MTN-də qırxdılar. İşgəncə verdilər, döydülər. Dindirilərkən vəkilim olmadı, ifadələrə oxumadan, məcburi şəkildə imza atmışam”.
Onu MTN-də döyən şəxslərin adını çəkməyən Rufan bunu belə izah edib: “Çünki sonradan özləri məndən halallıq istədilər, mən də halallıq verdim”.

Qeyd edək ki, Rufanın əkiz qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.

Təqsirləndirilən digər şəxs Vladimir Marfin də Suriyada döyüşmədiyini deyir.

Suriyada dini ləqəbi “Əhməd” olan Marfin milliyyətcə rusdur. 2005-ci ildə islam dinini qəbul etdiyini deyən Marfin Suriyada bad verənləri internetdən izlədiyini və Suriyaya humanitar yardım məqsədi ilə getdiyini deyib.

Vaxtilə Milli Qvardiyanın zabiti olan Marfin Suriyaya getməmişdən əvvəl Şəmkirdə istixanalardan birində işləyib. 2013-cü ilin avqust ayında avtobusla Türkiyəyə, oradan Suriyaya gedən Marfin Türkiyə ilə sərhəddə yerləşən humanitar təşkilatlardan birində müqavilə əsasında çalışdığını söyləyib.

MTN-də döyüldüyünü, hədə-qorxu gördüyünü deyən Marfin özünü günahkar bilmədiyini bildirib: “Dedilər evimdən silah-sursat tapacaqlar. Səni Azərbaycana qarşı terroçuluqda ittiham edəcəyik. Mən də imzaladım”.

Məhkəmə prosesi 26 iyulda davam edəcək.

Qeyd edək ki, Rufan Ağcabəyov və Marfin Vladimir keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.

Müəyyən edilib ki, Rufan Ağcabəyov və Martin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra”, “Ceyşul-Hur” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

İnterpress.az