Çevriliş cəhdinin dünyada yaratdığı əndişəbackend

Çevriliş cəhdinin dünyada yaratdığı əndişə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Ordunun qiyamını yatırandan sonra Türkiyə prezidenti Recep Tayyip Erdoğan hakimiyyətinin dayaqlarını nəzərdən keçirən yeganə dövlət başçısı deyil.

Belə çevrilişlər baş verəndə, bir sıra ölkə başçıları bunun onların da başına gələcəyindən narahat olmağa başlayırlar». Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

Təhlildə vurğulanır ki, orduya ciddi nəzarətlərinə baxmayaraq, Rusiya və Çin hökumətləri gözünü dörd açıb, qüvvələrinin özlərinə qarşı çevriləcəyindən əndişələnir. 20 ilə yaxındır Rusiya prezidenti Vladimir Putin xalqının, eləcə də ordusunun sədaqətini təmin etməyə çalışır.

Ötən həftəsonu rusiyalı şərhçilər Erdoğan-la Putin-in idarəçilik üslubları arasında paralellər aparır, belə bir üsyanın Rusiyada baş verə bilib-bilməyəcəyi barədə təxminlər irəli sürürdülər. Bəzi şərhçilər isə iddia edirdilər ki, Rusiya bu böhrandan faydalanaraq hakimiyyətini daha da möhkəmləndirə bilər, necə ki, Kreml Qərblə qarşıdurma hesabına millətçiliyi alovlandırdı. «Stratfor» yada salır ki, Putin apreldə silahlı qüvvələrin birbaşa özünün nəzarətində olan bölümünü yaratdı və bununla təhlükəsizlik qüvvələri sarıdan rahatsızlığını ortaya qoymuş oldu.

«Çin də zaman-zaman orduya nəzarət sarıdan narahat olur. Hələ Çin Xalq Respublikası yaranmamışdan Çin Kommunist Partiyası ordu üzərindəki hakimiyyətinə görə ayaqda idi. Bu gün də partiya vurğulayır ki, Xalq Azadlığı Ordusu millətin deyil, partiyanın ordusudur. 1989-cu ildə Tyananmen meydanında etirazlar zamanı bu ideya sınağa çəkildi. Pekin paytaxtı müdafiə edən 38-ci ordunu etirazçıları yatırtmağa çağırdı.

Amma komandir etirazçılara qarşı gücdən imtina etdi, xalqına qulluq etməyə qərar verdi. O vaxtdan Çin Kommunist Partiyası ordunu davamlı siyasi təhsilə cəlb etməyə, peşəkarlıq, milliləşmə, siyasətsizləşmə çağırışlarını rədd etməyə çağırır. Çünki bütün bunlar ordunun partiyaya sadiqliyini zəiflətmiş olar».

Təhlildə Yaxın Şərq ölkələrinin, Venesuelanın Türkiyədə çevriliş cəhdini pislədiyini yada salır.

«Bu ölkə liderlərindən ötrü bir ümid qığılcımı var – Türkiyədəki çevriliş cəhdi alınmadı. İndi Ankara silsilə məhkəmələr keçirəcək, ordu, ədliyyə, siyasi sistemdə möhkəmləndirmələrə baş vuracaq. Digər ölkə liderləri isə hakimiyyəti gücləndirmək məqsədilə öz strukturlarına yenidən baxacaqlar».

​TÜRKİYƏ ORDUNUN SƏLAHİYYƏTİNİ DARALDACAQ

«The Washington Post» qəzeti Türkiyədə ötən cümə günkü çevriliş cəhdindən sonra aparılan təmizləmə əməliyyatından yazır.

15 mindən artıq təhsil işçisi uzaqlaşdırılıb, bütün universitet dekanlarının istefası tələb olunur. 45 mindən artıq ordu zabiti, polis zabiti, hakim, vali, dövlət qulluqçusu ya işdən çıxarılıb, ya da saxlanıb.

Tənqidçilərin fikrincə, dövlət müəssisələrində bu təmizləmənin məqsədi müxalifəti əzmək, hakimiyyəti prezidentin əlində cəmləşdirməkdir.

«Əks-çevriliş hələ bitməyib», – Vaşinqton İnstitutunun Türkiyə üzrə eksperti Soner Çağaptay deyib. Onun sözlərincə, Erdoğan çevriliş cəhdinə hakimiyyətini gücləndirmək və Türkiyəni təkpartiyalı dövlətə doğru aparmaqdan ötrü «birdəfəlik pəncərə» kimi baxır.

«Erdoğan Osmanlı İmperiyasından bəri Türkiyədə ən güclü adama çevrilməyə doğru yol alıb», – Çağaptay deyir.

Vaşinqtondakı Atlantik Şurasından Türkiyə üzrə ekspert Aaron Stein isə düşünür ki, ordu üzərində mülki nəzarətin artmasında pis bir şey yoxdur. «Baxır ki, hansı modelə əl atırlar və o modelə necə düzən verirlər».

1577 universitet dekanının istefası tələb olunur. Adının çəkilməsini istəməyən bir dekan qəzetə deyib ki, bundan sarsılıb, çaş-baş qalıblar. Onun sözlərinə görə, Fethullah Gülen tərəfdarı olan dekanların istefasının tələb olunacağını düşünübmüş. Adının çəkilməsini də ona görə istəməyib ki, hökumətlə bağlı tənqidlərinin özünə qarşı istifadə olunacağından çəkinib.

RUSİYANIN AMERİKANLARLA İYRƏNC DAVRANIŞI

«The Washington Post» qəzeti yazır ki, ABŞ-la Rusiya arasında son kontaktlarda bir uyğunsuzluq var. Ötən cümə axşamı ABŞ dövlət katibi John Kerry Moskvaya gedib, Suriyada «əl-Qaidə»yə bağlı yaraqlılarla mübarizədə ABŞ-Rusiya hərbi koordinasiyasıyla əlaqədar Obama administrasiyasının təklifini çatdırıb. «Amma bu görüşdən bir neçə saat öncə Rusiya Vaşinqtona nifrətini bir daha orta qoydu, «Amerikanın Səsi» və Azad Avropa/Azadlıq Radiolarına nəzarət edən yayım şurasının sədri Jeff Shell-i ölkəyə buraxmadı», – məqalədə vurğulanır.

Cənab Shell-in Rusiyada qara siyahıda olduğu açıqlandı, bu siyahını Kreml ABŞ-ın rusiyalı rəsmilərə qarşı sanksiyalarına cavab olaraq hazırlayıb.

Qəzet yazır ki, səs-küylü insidentlər bir yana qalsın, Rusiya son zamanlar amerikalılarla getdikcə daha iyrənc davranır.

«Elə götürək 72 yaşlı, Ukrayna kökənli Jim Mulcahy-ni. O, 48 ildir ABŞ-da fəaliyyət göstərən Metropol İcma Kilsəsinin keşişidir. Bu qurum ənənəvi kilsələrdən uzaqlaşdırılan gey və lezbiyanlar üçün yaradılıb. Bu ay cənab Mulchay Rusiyaya növbəti səfərini edib. Həmişəki kimi turist vizasıyla gəlib, müxtəlif yerlərdə LGBT qruplarıyla görüşüb, elə bir insident yaşanmayıb.

Amma iyulun 10-da Samarada gey icması mərkəzində görüş zamanı qəfildən polis peyda olub, özləriylə çəkiliş qrupu da gətiriblər. Keşişi saxlayıb, dindirib, barmaq izlərini götürüb və vəkillə təmin etmədən məhkəmə qarşısına çıxarıblar. Mulchay dini fəaliyyət aparmaqla vizasını pozmaqda təqsirli bilinib, 2 min rubl cərimələnib və ölkədən çıxarılıb. O, qəzetə deyib ki, məhkəmə qərar çıxarmamışdan bir neçə saat öncə həmin qərar televiziyada oxunubmuş».

Keşişdən polis Samaradakı dostlarının adlarını və telefon nömrələrini istəyib, o, bilmədiyini söyləyib. «Şəksiz, bilirdi. Onu da yaxşı bilirdi ki, ABŞ vətəndaşlarının kobudluqla və həyasızcasına tapdalayan Putin Rusiyası öz vətəndaşlarıyla daha sərt davranır», – «The Washington Post» yazır. (azadlıq radiosu)

İnterpress.az