Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd Qərbdə ciddi narahatlıqla qarşılandı.
Qərb mediasının yazdığına görə, hakimiyyətin silahlı yolla dəyişdirilməsi baş tutsaydı, Türkiyənin terrorizmə və İŞİD-ə qarşı mübarizəsini çətinləşə bilərdi. ABŞ və Avropa Birliyinin də məhz bu səbəbdən Ərdoğan iqtidarına dəstək verdiyi qeyd edilir.
Ancaq iyulun 15-i axşamı arasında suriyalı qaçqınların da olduğu minlərlə radikal islamçıların demokratiyaya dəstək adı ilə çevriliş edən hərbçilərə qarşı mübarizəyə qalxması Ərdoğan hakimiyyətinin dini qüvvələrə arxalanması ehtimallarını ortaya çıxardıb.
Mediada və sosial şəbəkələrdə küçə və meydanlara çıxan radikal dindarların “Allahu Əkbər!” şüarları altında hərbçilərə hücum etməsi, onları döyməsi, öldürməsi faktları var. Həmin görüntülər dövlət çevrilişinə cəhddən sonra Türkiyədə dini və dünyəvi qüvvələr arasında qarşıdurmanın yüksək həddə çatdığı qənaətini yaradır.
Hazırda AKP-nin radikal sünnilərdən və sələfilərdən ibarət geniş sosial bazaya məlum olduğunu demək olar. Bu isə öz növbəsində terrorizmlə mübarizə məsələsində əks-fikir formalaşdırır. Yəni son hadisələr fonunda Türkiyədə sələfilərin fəallaşması və siyasi islamın dərin kök atması üçün münbit şərait yaranıb. Bu da Türkiyənin terrorizmlə mübarizəsini çətinləşdirə bilər. Vəziyyətin belə hal alması Qərbi qane etmir. Avropa siyasi məkanında teokratik rejimin formalaşmasında maraqlı deyil. Təbii ki, belə bir ölkənin Avropa Birliyi üzvlüyünə qəbul edilməsi də qeyri-mümkündür.
NATO ilə müttəfiqlik pozula bilər
Politoloq Rauf Mirqədirovun sözlərinə görə, hazırda Türkiyədə baş verən hadisələrin mənbəyində din amilinin dayandığını söyləmək olmaz. Hazırda əsas problem Türkiyədə demokratik dəyərlərin təhlükə altına düşməsidir: “Bu gün prezident Ərdoğan öz qələbəsini elan edir. Bu çox normaldır və siyasi eyforiya var. Ərdoğan öz rəqiblərini sıradan çıxarıb. Söhbət yalnız “Gülən camaatı”ndan və nurçulardan getmir. O, özünün şəxsi hakimiyyətini gücləndirir. Hadisələr bu yöndə inkişaf edərsə, kütləvi həbslar davam etsə, kütləvi informasiya vasitələri bağlanarsa bu, nəticə etibarı ilə Türkiyənin ənənəvi müttəfiqləri ilə münasibətlərinin pozulmasına gətirib çıxaracaq. Artıq Türkiyənin NATO-dan çıxarılması təklifi gündəmə gəlib. Bu siyasət davam edərsə, Türkiyənin müttəfiqləri ilə münasibətləri gərginləşəcək və Ərdoğan hakimiyyəti dini dostlar axtarmaq məcburiyyətində qalacaq. Bu halda sözsüz ki, İŞİD-ə qarşı mübarizə çətinləşəcək. Belə olarsa, Türkiyə iqtidarı beynəlxalq aləmdə, o cümlədən islam dünyasında mürtəce qüvvələrlə əməkdaşlıq etməli olacaq. Bu isə Türkiyənin terrorizmə qarşı mübarizə aparmasına mane olacaq. Ümumiyyətlə, Türkiyənin dünyəvi və demokratik əsasları sarsıla bilər”.
Müxalifət ayaqdadır
Rauf Mirqədirov bildirdi ki, Rəcəb Tayyib Ərdoğan cəmiyyətdə mühafizəkar, dini dəyərlərə önəm verən bir lider kimi qəbul olunduğundan onun tərəfdarları arasında radikal dindarlar da var. Bu baxımdan, dövlət çevrilişi əleyhinə çıxanların “Allahu Əkbər!” şüarlarını səsləndirməsi təəccüblü deyil: ”Digər tərəfdən, “Allahu Əkbər” şüarlarını səsləndirən insanların “linç məhkəmələr” qurmaq cəhdi var idi. Onlar əsgərlər üzərində belə qeyri-hüquqi məhkəmələr qurmaq istəyirdilər. Bu da Türkiyədə mövcud olan real meylləri təcəssüm etdirirdi. Onlar Türkiyəni dünyəvi xəttdən döndərmək istəyirlər. Türkiyə cəmiyyətinin buna imkan verəcəyinə inanmıram. Türkiyədə avtoritarizmə meyl varsa hakimiyyət bu cür qüvvələrə lazım olanda müraciət edə bilər. Amma Ərdoğanın həmin radikal dini qüvvələri hakimiyyətin dayağına çevirəcəyi real görünmür”. Politoloq onu da qeyd etdi ki, 15 iyul hadisəsindən sonra prezident Ərdoğan hakimiyyət daxilindəki müxalifəti tam ləğv etməyə çalışsa da buna nail ola bilməyib. Ənənəvi köhnə qvardiyadan ibarət olan həmin müxalifət mövcudluğunu qoruyub saxlayır və daha çox susmağa meyl edir. (cebhe.info)
İnterpress.az