Suala cavab olaraq iqtisadçı ekspert Samir Əliyev bildirir ki, yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil. Azərbaycan iqtisadiyyatının mövcud durumu ölkəni neftdən kənar dollarla təmin edəcək durumda deyil. Ölkəyə əsasən 3 mənbədən valyuta gəlir. Neft Fondu, Mərkəzi Bank və SOCAR. Neft Fondu valyuta bazarına ayda 300-400 milyon dollar (bəzi hallarda daha çox) töhfə verir. SOCAR nəinki əldə etdiyi dolları bazara yönəltmir, hətta bazardan dollar alışı (istiqraz və xarici borc öhdəlikləri) həyata keçirir: “Mərkəzi Bank isə valyuta ehtiyatları kəskin azaldıqdan sonra (hazırda 2008-ci il səviyyəsindədir) bazarda “oyunçu” funksiyasını hərrac təşkilatçısı funksiyası ilə dəyişib. Digər mənbələr valyuta bazarına təsir etmək iqtidarında deyil. Ölkədə dollar əmanətlərinin ucuz olması bankları xaricdən resurs cəlb etməyə maraqlı etmir. Deməli, ölkənin valyuta bazarı hazırda ancaq Neft Fondundan asılıdır. Hesablamalarımıza görə, aylıq valyuta kəsirimiz təxminən 300-400 milyon dollar aralığında dəyişir. Həmin kəsiri örtmək üçün ya devalvasiya gedilməlidir, ya Neft Fondu satışı artırmalıdır, ya da ixracı artırmalıyıq (idxalı azaltmalıyıq). Bu ona bənzəyir ki, ürəyi qanla təmin edən damarların yalnız biri tam işləyir, biri natamam işləyir, digərləri isə tam tutulub”, deyə əlavə edib.
Gülşanə Mustafayeva
İnterpress.az