“Sərnişinlərimizə güzəştlərimiz olacaq”  – MÜSAHİBƏbackend

“Sərnişinlərimizə güzəştlərimiz olacaq” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Təyinatınız gözlənilən idi?

– Xeyr. Əslində gözləmirdim. Mənim üçün də demək olar ki, sürpriz oldu təyinatım. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyində Böyük İnspektor vəzifəsində 2015-ci ilin may ayından çalışıram və tutduğum vəzifədən də çox razı idim. Əgər “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mənə etimad göstərib bu vəzifəyə təyin edibsə. Mən də onun etimadını doğrultmağa çalışacam.

-Təyinatınızdan sonra hansı dəyişikləri etmək istərdiniz?

– Dəyişiklikləri mən yox “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov edir. Mən isə onun etmək istədiyi dəyişikliklərə əsasən tapşırıqları yerinə yetirirəm.

– Media ilə fərqli bir əməkdalıq qurmaqla bağlı bir planınız var?

-Fərqli deməzdim amma daha sıx, şəffaf və peşəkarcasına deyərdim mən. Ünsiyyət qurmağı çox sevən bir insan olduğumdan inanıram ki, hər bir media üzvü, KİV nümayəndəsi ilə çox gözəl münasibət qurmağa nail olacam. Demək olar ki, jurnalistlərin 80%-i mənim dostumdur. Qalan 20%-i isə gələcək dostumdur.

– “Azərbaycan Dəmir Yolları” QSC 2016-ci ili necə yekunlaşdırır?

– Hələ 2016-cı ilin analizi tam aparılmayıb. Amma ilkin nəticələr göstərir ki, dəmiryolçular ili yaxşı göstəricilərlə başa vuracaq. Ən əsası odur ki, 2016-cı ildə beynəlxalq və regional layihələrin reallaşması istiqamətində mühüm addımlar atıldı.

– Bəs üzümüzə gələn ili necə qarşılayacaq? Görülən və ya görüləcək layihələr varmı?

– Görüləsi işlərimiz çoxdur. 2017-ci ildə də dəmir yolunda islahatlar prosesi davam edəcək, bir sıra yeniliklər tətbiq olunacaq.

– Qeyd etmişdiz ki, Bakı- Sumqayıt reysində 1 milyonuncu şərnişin qeydə alınacaq. Bu sərnişinə hansı süpriziniz olacaq?

– Bir milyonuncu sərnişin təxminən elə yeni il bayramı ərəfələrində bəlli olacaq. Biz artıq sizdən çox həyəcanla onun kimliyini öyrənmək istəyirik. Təbii ki, 100 mininci sərnişində olduğu kimi bu dəfə də kiçik hədiyyələrimiz olacaq. Amma bunu sərnişinimiz bəlli olduqda biləcəksiniz.

Qiymətlərin artımı ilə bağlı ilə nə deyə bilərsiz? 2017 ci ildə neçə faiz artım ola bilər?

– Hələlik qiymət artımı barədə heç bir söz deyə bilmərəm. Xatırladım ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da jurnalistlərə açıqlamasında bildirmişdir ki, bu barədə heç bir dəqiq məlumat yoxdur. Ölkə başçısı Cənab İlham Əliyev bu məsələyə baxacaq və yalnız ondan sonra biz qiymətlərin artacağı və yaxud da olduğu kimi qalacağı barədə nəsə deyə bilərik.

– Beynəlxalq və daxili daşınmada son vəziyyət necədir? Hansı istiqamətlərə reyslər açıla bilər?

– Beynəlxalq və ölkədaxili daşımalarda sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsi getdikcə yüksəlir. Artıq 2016-2017-ci illər üçün sərnişin qatarlarının yeni hərəkət cədvəli dekabr ayının 11-dən tətbiq olunur. Dəyişiklik ondan ibarətdir ki, aprel ayından başlayaraq (yay aylarında) Bakı-Rostov qatarı təyin oluncaq.

– Xaricdən yeni vaqonlar alınacaq? Ümumilikdə vaqonların dəyişdirilməsinə ehtiyac var?

– Əvvəla onu deyim ki, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bu vəzifənin icrasına başlayanda apardığı yeniləşmə prosesinin mərkəzində yol, lokomotiv, vaqon və digər təsərrüfatların müasirləşdirilməsi dururdu. Vaqon parkının yeniləşdirilməsi məqsədilə, 2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalandı və qısa müddət ərzində yeni yuk vaqonları ölkəmizə gətirildi. Bu yeniləşməni sərnişin vaqonu parkına da şamil etmək olar. Belə ki, 2015-ci il sentyabrın 12-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət hərəkət bərpa olunub və bu marşrutla İsveçrənin “Stadler Rail Group” şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarları hərəkət edir. Gələcəkdə bölgələrə də bu tipli elektrik qatarlarının göndərilməsi nəzərdə tutulur.Eyni zamanda yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı istifdəyə veriləndən sonra bu istiqamətdə də şərnişin qatarının göndərilməsi nəzərdə tutulur. Həmin marşrut üzrə hərəkət edəcək qatarlar üçün \”Stadler\” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş olunub. Həmin vaqonlar \”standart\”, \”komfort\”, \”biznes\” və \”restoran\” olmaqla dörd kateqoriyada istehsal olunacaq.

– Ümumiyyətlə “Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişinlərə güzəştləri ola bilər?

– Əlbəttə ola bilər niyə də ki, yox? Yeni ildən artıq bu məsələ ilə bağlı bəzi yeniliklərimiz olacaq.

– Hansı təbəqəyə aid olan sərnişinlərə güzəştlər etmək planiniz var?

– Bizim üçün hər bir sərnişin doğma və əzizdir. Və sərnişinlərimizin məmnunluğu bizə hava, su kimi lazımdır. Bizim nail olmağa çalışdığımız da elə budur. Hazırda güzəştli sərnişinlərimiz yoxdur. Amma bayaq qeyd etdiyim kimi yeni ildən bu məsələ ilə bağlı bəzi yeniliklərimizdən siz də xəbərdar olacaqsınız.

Gülşanə Mustafayeva
İnterpress.az