Ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması mümkün olmadı. Mərkəzi Bank manatı qorumaq üçün hətta valyuta ehtiyatlarının daha 20%-ini “qurban” verməli oldu:
Bunu İnterpress.az-a iqtisadçı ekspert Samir Əliyev bildirib.
“Baş bankın ehtiyatları il ərazində 5 milyard dollardan 4 milyard dollara qədər azaldı. Milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyəti də təmin olunmadı. Xarici ticarətin vəziyyəti göstərir ki, neftdənkənar ixracımız nəinki artmayıb hətta azalıb. 2016-cı ilin 11 ayında ölkənin qeyri-neft sektoru üzrə ixracı 23.4% (347 mln. USD) azalıb. Tədiyə balansının tarazlaşdırılması hədəfinə nail olunmayıb. 2016-cı ilin 9 ayında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabında isə kəsirin həcmi 1,1 milyard dollara çatıb. Halbuki üzən məzənnəyə keçiddən əvvəl cari əməliyyatlar hesabında kəsirin həddi 222,5 milyon dollardan çox olmayıb. Amma ötən il üzrə məcmu defisit 9.141 mlrd. dollar təşkil edib. Üzən məzənnə bəzi texniki prosedurları saymasaq maliyyə sabitliyi baxımından bizə fundamental olaraq heç nə vermədi. Məzənnənin hərracın nəticəsinə yox Mərkəzi Bankı məqsədəuyğun bildiyi səviyyəyə əsaslanması indiki məzənnə siyasətinin əvvəlkindən ciddi fərqlənmədiyini göstərdi. Valyuta satışının açıq valyuta birjası vasitəsilə yox qapalı Bloomberg platforması vasitəsilə həyata keçirilməsi də bazar iştirakçılarının sayını xeyli məhdudlaşdırdı”.
Daha sonar ekspert əlavə edir ki, üzən məzənnəyə keçid tam olmadığı və tənzimləndiyi üçün manatın məzənnəsində kəskin dəyişikliklərə imkan verilmədi. Qonşu Rusiyadan fərqli olaraq Azərbaycanda Mərkəzi Bank manatın idarəetmə ipini əldən vermədi. Bunun üçün pul kütləsini məhdudlaşdırdı, uçot dərəcələrini artırdı, depozit hərracları keçirtdi, əlavə notlar buraxdı və s. Eyni zamanda Neft Fondunun büdcə pullarının və Beynəlxalq Bankın sağlamlaşdırılmış aktivlərinin bazara çıxışını məhdudlaşdırdı: “Yəni bütün bu inzibati addımlar hesabına manatın kəskin ucuzlaşmasının qarşısını aldı. Monetar qurumun daha çox manatı qorumaq siyasəti pisləşən iqtisadi aktivliyi daha da zəiflətdi. Buna baxmayaraq manatı əvvəlki səviyyədə saxlamağın mümkünsüz olduğunu anlayan Mərkəzi Bank yumşaq şəkildə devalvasiya prosesini həyata keçirməyə başladı.Bu gün Azərbaycanın maliyyə sistemi \”amartizator\”u nasaz olan avtomobilə bənzəyir. \”amartizator\” pis işləyən avtomobil kələ-kötür yollarda necə güclü çalxalanma verirsə, tam üzən məzənnəyə keçid də maliyyə sistemimizi elə çalxalaya bilər. Belə maliyyə sisteminin taleyini də həmin avomobilin taleyi gözləyir. Problem isə iqtisadiyyatımızın strukturundan qaynaqlanır. Tam üzən məzənnəyə keçid məsələsində bu amillər nəzərə alınmalıdır”.
Gülşanə Mustafayeva
İnterpress.az