Monopolistlər yerli quş əti istehsalçılarını sıxışdırırbackend

Monopolistlər yerli quş əti istehsalçılarını sıxışdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda fəaliyyət göstərən market və bazarlarda broyler toyuqlarının qiymətində artım müşahidə olunub.
İnterpress.az xəbər verir ki, “Yeni Müsavat”ın müxbiri paytaxt bazarlarında müşahidə aparıb. Məlum olub ki, bir müddət öncə 1 kiloqramı 3.70-4 manat arasında dəyişən dondurulmuş broyler toyuqlarının qiyməti indi 4.30-4.50 manat arasında dəyişir. Marketlərdə demək olar ki, xaricdən idxal olunmuş toyuq ətinə və toyuq əti məhsullarına rast gəlmək mümkün deyil. “Siyəzən”, “Səma”, “Tamlı”, “Hicaz”, “Fədək” adı ilə satışa çıxarılan toyuq ətlərinin demək olar ki, hamısı yerli istehsaldır.

Bunun əksinə olaraq, yumurtanın qiyməti ucuzlaşıb, “Dəvəçi”, “Giləzi” yumurtalarının 1 ədədi 12 qəpikdir, kənd yumurtası isə 18 qəpiyə satılır.

Qeyd edək ki, ötən il oktyabrın 2-də hökumətin gömrük rüsumlarının artırılması ilə bağlı qərarında Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar idxal rüsumu alınacağı nəzərdə tutulurdu. Hökumət rəsmiləri bunu yerli istehsalı stimullaşdırmaq məqsədilə etdiklərini açıqlayırdılar.

Lakin bəzi ekspertlər bu qərarın əks təsir göstərərək, yerli broyler şirkətlərini bazardan sıxışdırıb çıxardığını bildirirlər.

Sözügedən sahədə çalışan, adının çəkilməsini istəməyən iş adamlarından biri “Yeni Müsavat”a danışarkən bildirib ki, hazırda bazarda yerli məhsul adı altında satılan toyuq ətlərinin bir çoxu xaricdən gətirilir, xüsusən də Ukraynadan. Sadəcə, burada qablaşdırılaraq, üzərinə yerli şirkətlərin yarlığı vurulur. Səbəb isə odur ki, iri monopolistlər bu sahənin əllərindən çıxmasını istəmədiklərindən xaricdən ucuz qiymətə quş ətini idxal edirlər. Bu isə yerli broyler şirkətlərinin bazarda sıxışdırılmasına gətirib çıxarır.

İş adamı onu da qeyd etdi ki, quş ətinin xaricdən idxal edilməsi hökumətə də sərf edir. Çünki yerli istehsalçı qazandığı gəlir müqabilində dövlət büdcəsinə yalnız gəlir vergisi verirsə, idxalçı monopolistlər həm də gömrük rüsumu ödəyirlər. Bu da büdcənin formalaşmasında müsbət rol oynadığından hökumət monopolistlərə göz yumur.

Sahibkarın sözlərinə görə, bu məsələdə yerli istehsalçılar da diqqətli olmalıdırlar. Onların yaratdıqları brend altında bazarda xarici məhsullar da ola bilər.

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, belə bir durumun yaracağı öncədən bəlli idi: “Biz öncədən də demişdik ki, yerli istehsalın həcmi artırılmadan gömrük rüsumunun artırılması quş ətinin bahalaşmasına səbəb olacaq. Rəqabət mühitinin zəif olduğunu və yerli istehsalın bütün ehtiyacları ödəmədiyi şəraitdə bu, yerli şirkətlər üçün də qiymətləri qaldırmağa bir bəhanə olacaq. Çox güman ki , hazırda həmin prosesi izləyirik. Yerli istehsalın tələbatı tam ödəmədiyi bir vaxtda, xaricdən idxal olunan quş ətinin bahalaşması, bunun fonunda daxili istehsala tələbatın artması quş ətinin bahalaşmasına səbəb oldu. Təbii ki, bunun başqa səbəbləri də var. Bütün günahı istehsalçıların üzərinə artmaq olmaz. Quş yemləri və quşların müxtəlif viruslardan qorunması üçün inyeksiyalar və dərmanlar, digər baytarlıq vasitələri xaricdən idxal olunur və dolların bahalaşması istehsalçıların xərclərini də artırır. Bu, obyektiv səbəbdir və qiymətlərə təsir edir. Ancaq əsas səbəb gömrük rüsumlarının artırılmasıdır. Yerli quş ətinə tələbatın artırılması istehlakçı üçün heç bir müsbət nəticəyə səbəb olmadı. Əksinə, rəqaəbtsizlik mühiti genişləndi. Xaricdən gətirilən quş ətinin baha olması yerli məhsulların da bahalaşması üçün şərait yaratdı”.

Xaricdən gətirilən quş ətlərinin yerli məhsul adı altında qablaşdırılıb bazara çıxarılmasına gəlincə, Natiq Cəfərli bunun cinayətkarlıq olduğunu bildirdi və bu məsələ ilə hüquq-mühafizə orqanlarının məşğul olması zərurətini vurğuladı: “Bu, istehlakçıların hüquqlarının pozulmasıdır və qanun pozuntusudur. Əgər belə hallar varsa, dövlət orqanları da, gömrük orqanları da hansı monopolistlərin quş əti idxal etdiyini yaxşı bilirlər. Əgər belə faktlar varsa, buna qarşı mübarizə aparılmalıdır. Çünki bu kimi hallar dövlətin daxili bazarın qorunması, yerli istehsalçının dəstəklənməsi adı altında idxal rüsumlarını artırılması addımını heçə endirir. Belə hallar nəinki yerli istehsalçını dəstəkləmir, əksinə onların istehsalı artırma stimulunu sıfıra endirir. Əgər belə davam etsə, yerli istehsalçılar bazarda uduzacaq. Xaricdən gətirilən quş ətinin daha ucuz olması yerli istehsalın zəifləməsinə səbəb olacaq. Nəticədə qiymətlər daha sürətlə bahalaşacaq”.

 Monopolistlər yerli quş əti istehsalçılarını sıxışdırır

 Monopolistlər yerli quş əti istehsalçılarını sıxışdırır

 Monopolistlər yerli quş əti istehsalçılarını sıxışdırır

 Monopolistlər yerli quş əti istehsalçılarını sıxışdırır

İnterpress.az