Son illərdə daha çox bilgisayarda yazıram. Amma kağızda yazmagın da öz ləzzəti var. Bahalı qələmlər görüntü üçündür. Bir – iki gündən sonra işə yaramır. Bahalı adam kimidir bahalı qələmlər. Canından ağıllı söz çıxmır.. Ucuz qələmlər fəhlədir, işlədiksə səliqəsi artır. Yazı- pozu ləvazimatı satılan yerlərə girdimmi əlim qələmlərə uzanır…
Bu dəfə satıcı da mənə yardım edir. Qarşıma ağ bir vərəq qoyub yaxşı hesab etdiyi qələmləri seçib \” bunlar daha yaxşıdır\” deyə qarşıma düzür. Məndən başqa müştərisi yoxdur. Dilimizdə yabançı kimi danışır. \” Üzünüz mənə tanış gəlir\” deyir. Yerli olsa tanıyardı. \”Azərbaycanlı deyilsiniz?\” deyə soruşuram. \”Azərbaycanlıyam, ancaq Bakıya yeni gəlmişəm, Rusiyada doğulub böyümüşəm\” Aydındır. Gözəl qızdır, lakin zərif,arıq üzündəki gizli kədər xoşbəxt olmadığının əlamətidir və nədənsə mənə rahibələrin üzünü xatırladır. \”Başa düşürəm,- deyirəm, – bizimkilər qızlarının orda qalmasını istəmirlər.Düz edirlər, ərsəyə çatmış qızlarını Vətənə göndərirlər ki özümüzkilərlə ailə qursunlar\” \” Düz deyirsiniz, deyib sözümü təsdiqləyir, -amma təəssüf ki, burda da xoşbəxtlik yoxdur\” \”Niyə? \” deyə soruşuram. \”Ailə qura bilmədim – deyir, -asan deyil, biz qalmışıq arada, ora bizlik deyil, burdakılarla da psixologiyamız fərqlənir. Tutmur…\”
Sadə sözlərlə bir millərin yüz minlərlə gəncinin üzləşdiyi və faciədən başqa adı olmayan reallığından danıışırdı.
Deməyə sözüm yox idi. Qələmləri götürüb çıxdım. Ancaq indiyədək o qələmləri əlimə almamışam. Onların da sözü tükənib, heç nə yazılmayacaq…