Ekvadorda futbol matçı qanlı insidentlə yadda qalıb: idmançı ağır xəsarət alıb, kütləvi dava düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Championat.com” məlumat yayıb.
Ekvador milli çempionatı çərçivəsində keçirilən futbol matçında qorxulu anlar yaşanıb. “Muşuk Runa” klubunun müdafiəçisi Brayan Neqro qapıçı ilə təkbətək çıxan “İndependyente del Valle” klubunun oyunçusuna qarşı o qədər sərt müdaxilə (podkat) edib ki, nəticədə rəqib oyunçunun baldır və fibula sümükləri sınıb.
Baş hakim dərhal Brayan Neqroya qırmızı vərəqə göstərib. Lakin futbolçu bu qərarla razılaşmayaraq hakimə etiraz edib və bu, meydançada oyunçuların iştirakı ilə kütləvi davaya səbəb olub.
İnsident nəticəsində daha iki futbolçu meydançadan qovulub.
Gərgin keçən matç “İndependyente”nin qələbəsi ilə yekunlaşıb. Komanda üzvləri bu qələbəni ağır xəsarət alan yoldaşlarına həsr ediblər.
Sosial şəbəkələrdə geniş yayılan görüntülər müzakirələrə səbəb olub və futbol azarkeşləri tərəfindən bu müdaxilə futbol tarixində ən kobud follarından biri kimi qiymətləndirilib.
Yaralanan futbolçu dərhal xəstəxanaya yerləşdirilib, onun uzunmüddətli müalicəyə ehtiyacı olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






