“Sevgini sekslə qarışdırırlar” – Gövhər Həsənzadəbackend

“Sevgini sekslə qarışdırırlar” – Gövhər Həsənzadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az həmin müsahibəni ixtisarla təqdim edir:

– Gövhər xanım, həmkarlarınızı daha çox xırda ailə-məişət problemləri narahat edirsə, siz əksinə, cəmiyyətdə mütaliə mədəniyyətinin aşağı olmasının, intellektual naqisliyin davasını edirsiniz. Görünür, elə buna görə hər şeydən narazı görkəminiz var…

– Səmimi olmağım, adamlar tərəfindən çox hallarda başa düşülməməyim həyatıma problem yaradır. Bunu gizlətmirəm. İllər mənə onu öyrətdi ki, insanlara axıra qədər açıq olma, özünü adamlardan gözlə. Mən tənhalığa həmişə nifrət etmişəm. Amma həyat elə gətirdi ki, çətin də olsa, bunu seçdim, özümə qapandım. Cəmiyyətdə məni başa düşən, fikirlərimi bölüşənlər yoxdursa, deməli, təkəm, bura aid deyiləm. Başqa necə ola bilər? Tapına biləcəyim insanlar illərlə azaldı və özümə qapandım. Bunun səbəblərindən biri də atamı itirməyim oldu. Ondan sonra dünyanın faniliyini dərk elədim. Anladım ki, bu dünya nə əvvəldir, nə son.

Sadəcə, burdan keçib başqa yerə gedirik. Dinlə, fəlsəfə ilə, mistika ilə maraqlandım, çoxlu şeylər oxudum. Məsələn, din mənim üçün çox ciddi elmdir. Ən mürəkkəb sualların cavabını İslam dinində tapıram. İslam elmini tam anlamağa ömrüm yetməz. Çalışıram ki, adətlərinə də riayət edim.

– Məsələn, namaz, oruc, zəkat… Yerinə yetirirsiniz?

– Etiraf edim ki, bunları etmək üçün mənən hazır deyiləm. Onları fiziki olaraq yerinə yetirməyin tərəfdarı deyiləm. Namazın, orucun, Həcc ziyarətinin mənası mənim üçün daha dərin, daha böyükdür. Bunları yerinə yetirmək üçün mükəmməl olmaq lazımdır. “Şərtləri yerinə yetirərəm ki, günahlarım bağışlansın” fəlsəfəsi ilə yaşaya bilmərəm. Ruh, ezoterika, mistik dünya mənim üçün…

– Sizin ilk ixtisasınızı vikipediya rejissor kimi təqdim edir…

– Mənə deyiblər bu haqda. Düzgün məlumat deyil, açığı, ardınca düşüb düzəltdirməmişəm. Mən 2 nömrəli Musiqi Məktəbinin piano sinfini bitirmişəm. Əllərimin, barmaqlarımın ölçüsünə baxanda görünür ki, pianoçu deyiləm. Amma əla qiymətlərlə bitirmişəm. Sonra Asəf Zeynallı adına musiqi kollecində musiqi nəzəriyyəsi və tarixi üzrə təhsil aldım. Daha sonra Konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil oldum. Bəxtim gətirdi ki, Cövdət Hacıyevin sinfinə düşdüm. Beş ildə çox ciddi rejimdə təhsil aldım. Çünki Cövdət müəllimin zəhmi çox böyük idi. 1993-cü ildə təhsilimi bitirən kimi məni Heydər Əliyev Sarayında bədii işlər üzrə rejissor və bədii rəhbər vəzifəsinə təyin etdilər. 23 yaşım var idi.

Tədbir təşkilatçısı kimi o qədər aktiv idim, məni rejissor kimi yadda saxladılar. Çünki təhsilim, mütaliəm imkan verirdi ki, tədbirləri düzgün, maraqlı qurum. Yubiley gecəsinə quruluş verdiyim insanlar razı qalırdılar. İndi illər boyu yığdığım təcrübəmi sərf etməyə arena yoxdur. İndiki gənclər kitab oxumur, onların zövqləri məni çox narahat edir. Oxumaq istəyən adam istədiyini hər yerdə tapa bilər. Öyrənmək istəmirlər, maraqlanmırlar. Ailələrin dağılması, cinayətlər, cinsi azlığa meylilik, əsl dinin bir kənarda qalıb zərərli sektalara qoşulmağın bircə səbəbi var: insanların daxilində olan boşluq. Həmin boşluğu doldurmaq lazımdır. Allah dünyanı sevgidən yaradıbsa, biz niyə ondan imtina edək? Sevgini sekslə, ehtirasla, şəhvətlə niyə qarışdırırlar? Bütün bunlar sevginin vasitəçiləridir. Həyatda sevgin yoxdursa, heç olmasa, onu kitablarda axtar. Bəzən gənclər bunu da etmirlər.

İnterpress.az