Uzun zamandır türk televiziyalarına baxmaq da Azərbaycan televiziyalarına baxmaq kimi çətin olub mənə. Sadəcə mövzu etibarilə fərq var. Bizdə çal- oynasın və ifrat şou əlindən, Türkiyədə isə Rəcəb Tayyib Ərdoğanın qışqıraraq barmaq silkələməsi və şəhid xəbərlərinə görə TV izləmək mümkünsüz hala gəlir.
Bunu düşünə-düşünə Türkiyənin əvvəlki prezidentləri və siyasi fəaliyyətləri yadıma düşdü.
Türkiyə hardan-hara gəldi və hara gedir? Bu gedişat ürəkaçan deyil.
Gəmi deşilib, su dolur, kapitan bundan xəbərsiz istiqamət müəyyənləşdirib, üzməyi əmr edir…
Zədə almış yerlərin təmirini bir tərəfə buraxıb, “Burda kapitan mənəm, mən deyən olacaq” deyib üzməyi əmr edərsə, dibə çökmək qaçılmazdır. Halbuki, ordakı hər kəsin can və mal güvənliyi kapitana əmanətdir.
Bu gün Türkiyənin də bir kapitana ehtiyacı var.
Bu gün Türkiyənin tərəfsiz, milli birliyi və bütünlüyü təmin edən, irqçiliyi, dini və etnik azlıqları ayırmadan 80 milyon Türkiyə vətandaşının prezidenti ola biləçək bir cumhurbaşqanına ehtiyacı var. Türkiyə anayasasının bir prezidentdən tələbi də budur əslində.
Anayasa eyni zamanda tələb edir ki, cumhurbaşqanı olduğu andan etibarən heç bir siyasi partiyanın nümayəndəsi və təbliğatçısı ola bilməz. Bütün ölkə vətəndaşlarının prezidenti olmaqla dini, etnik azlıqlara fərq qoymadan və bütün siyasi partiyalara eyni məsafədə dura biləcək bir dövlət başçısı olmalısan. Amma bu gün, Türkiyədə prezident seçildikdən sonra mənsub olduğu partiyanın vəkilliyi və təbliğatına xidmət edən, ona səs verməyənlərdən intiqam alan, ölkə insanlarını və əsgərlərini koltuk davası və eqolarına qurban verən bir prezident idarəçiliyi görürük.
“Məni seçmədiniz” deyə xalqdan qisas alan, “şəhərlərdə mənim partiyamın millət vəkilləri olmadı” deyə şəhərlərdən və sakinlərindən intiqam alırcasına bölgələri gərgin vəziyyətdə və unudulmaga məhkum buraxan prezident idarəçiliyi…
Terrorun at oynatdığı şəhərlərdə sahibkar terror hücumu qorxusundan dükan bağladığı halda, eyni gün bütün polisini intiqam almaq uğrunda, \”paralel yapını yox edəcəm\” eqosuyla dövlətin gücünü xalqın asayişi üçün yox, öz məqsədi üçün məktəblərə basqın təşkil edərək istifadə edərkən PKK-ya paralel ordu və dövlət qurmasına meydan verən prezident görürəm.
“Çözüm süreci” siyasəti ilə Türkiyəyə ““uyuyan bombalar” uyusun da büyüsün” deyə laylalar deyən…
İslam dini üzərindən siyasət oyunu oynayaraq Suriyadan minlərlə insanı dinçilərin gözündə xal qazanmaq məqsədi ilə Türkiyədə macəranın ortasına atıb, həm xalqı, həm də köçkünləri pərişan edən bir idarəçiliyi də hər kəs görür.
Twitter hesablarında “mənə xidmət etmir”, “rejimimə qarsı paylaşımlar edir” deyə aktyorunu, jurnalistini işdən çıxarıb, hətta həbsə atdıran bir prezident idarəçiliyini də görürəm.
Terrorla savaşda qardaşını itirən, ürəyi yaralı hərbçinin qardasının tabutuna sarılıb \”Alimmm\” deyə fəryada səs vermək, acısını paylaşmaq yerinə, cumhurbaşqanına sitəm etdi deyə nəzarətə alan prezident xidmətçilərini görürəm.
PKK- ya başqa söz, xalqa başqa söz deyən, sonda da məqsədinə çatmadı deyə hər iki tərəfə verdiyi əhdə xilaf çıxaraq, terroru xalqın başına bəla edən prezident idarəçiliyi…
Bir dönəm xalq tərəfindən yüksəldilən, amma bu gün də xalq tərəfindən \”Sənə bu zamana qədər təkbaşına iqtidar verdik, olmadı. Bu dəfə koalisiya qur\” deyərək aşağı salınan, amma 2 ay ərzində hələ də eqolar və koltuk davası ucbatından koalisiya hökümətini qura bilməyən, hətta Türkiyə siyasi tarixində \”qeyri-mümkün\” hesab edilən, ən çətin görünən, amma qurulan 1961-ci il CHP-AP, 1974-cü il CHP-MSP, 1991-ci il DYP-SHP, 1997-ci il RP-DYP qədər xalqa hörmət və koalisiya mədəniyyətini göstərə bilməyən, eqolarına xidmət edən prezident idarəçiliyi görürəm.
İndi də yenidən təkbaşına iqtidar olmaq ümidi ilə seçkilərə hazırlaşan prezident…
Bəlkə bu gördüklərimi bir çoxu görmür, ya da görmək istəmir, amma onlar da qan və hörmət itirən AKP-nin təkrar seçimdə pis vəziyyətə düşəcəyini görəcəklər.