Bu gün ikindi saatlarından bir qədər sonra Nardaran qarışdı. DİN-nin rəsmi məlumatında olay qısa, amma çox ağır cümlələrlə belə səciyyələndirildi: \”İslamçı ekstremistlərin silahlı hücumu zamanı 4 nəfər həlak olub. Onların 2-si DİN əməkdaşıdır. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Nardaranda başda hacı Tale Bağırov olmaqla bir qrup islamçı ekstremistə qarşı xüsusi əməliyyat keçirib\”.
Hadisə isə ondar ibarətdir ki, hacı Tale Bağırovu saxlamaq istəyən polislər evə daxil olarkən onlara atəş açılıb, əl qumbarası atılıb.
Yenə də Tale Bağırov…
\”Müsəlman Birliyi Hərəkatı\” adlı qeyri-rəsmi qurumun rəhbəri olduğnu iddia edən Tale Bağırov son vaxtlar ritorikasını dəyişərək Nardaran kəndinin sakinlərinin hüquqlarından, onların haqlarından danışır, bu zaman dini terminologiyadan gen-bol istifadə edirdi.
Tale Bağırovun tərəfdarları, dindar olduqlarını desələr də, daha çox radikal davranan, çıxışlarında və çağırışlarında sürəkli olaraq ekstremizmə qapılan şəxslər də liderlərinin məhz Nardaran əhlinin maraqlarını qoruduğunu söyləyirlər.
Qəribə iddia, mübahisəli məntiqdir. Nədən ki, Nardaran kəndinin nüfuzlu, özünü bilib sözünü deyən ağsaqqalları, hörmət və izzət sahibi şəxsləri həmişə olub, indi də az deyil. Kimsə bu kəndin adından danışmaq, nardaranlıların haqq və hüquqlarının müzakirəsi ilə qorunmasını inhisara almaq hüququna malik deyil.
Belə haqqı öz bildiyi formada istifadə etməyə çalışaraq yeganə həqiqət mənbəyi, az qala absolyut ədalət simvolu kimi görünməyə can atanlar və ələlxüsus da fərdiyyəti, merkantil maraqlarını dinlə pərdələməyə cəhd göstərənlərsə elə İslamın özünü nüfuzdan salmağa yönəlmiş əməl sahibləri sayıla bilər.
Gerçək dindarlar, o cümlədən nardaranlılar kənar qüvvələrin təsirinə düşmədən, absurd iddialarla çıxış etmədən, hakimiyyəti devirməyə çağırmadan imanlarına sadiq qalır, hidayətdə olur, mənəvi kamillik məcrasını tuturlar.
Azərbaycanda ənənəvi inanc olan şiəliyi siyasi məqsədlər üçün alətə çevirmək, sonra da uzaqlardan gələn təlimatları yaxında əmələ döndərmək heç bir halda dindarlıq, yaxud da dini təəssübkeşlik, vətəndaşların maraqlarından çıxış etmək sayıla bilməz.
Nardarandakı vəziyyətdə çox ciddi təhlil və araşdırmanı tələb edir.
Kənd sakinlərindən \”xüms\” adı ilə pullar yığılır, toparlanan məbləğlərin dini maarifləndirmə işlərinə sərf olunduğu deyilir. Halbuki, vətəndaşların, möminlərin halal pullarından sonradan sırf siyasi məqsədlər üçün istifadə etmək halala haram qatmaq, haqsızlığa nail olmaq üçün haqqa girməkdən başqa bir şey deyil.
Ən azı ona görə ki, o yığılan pulların xərclənməsinə kənd sakinləri nəzarət edə bilmirlər. Halbuki, Şəriətə görə, xüms qismində yığılmış pulların sərfiyyatı, bölünməsi, paylaşdırılması tam şəffaf olunmalı, halal vəsaitinin bir qismini bu işə vermiş insanın hər hansı sualına dərhal cavab verilməlidir.
Fəqət \”xüms\” adı ilə Tale Bağırovun əlində cəmləşən pul vəsaitinin hara, necə və hansı məqsədlərlə xərcləndiyini Nardaran əhli arasında neçə nəfər bilir?
\”Müsəlman Birliyi Hərəkatı\”nın rəhbəri Tale Bağırov \”hər bir dindarın hüququnu qorumaq\”la məşğul olduğunu deyir. O, az qala müctəhid imici qazanmaq, haqq və ədalət uğrunda ictihada çıxmış adam təki tanınmaq istəyir. Halbuki, hacı Talenin dolaşdığı avtomobillərə, onu müşayiət edən şəxslər arasında maddi baxımdan korluq çəkən mömin sayıla biləcək adamların çox az olmasına nəzər salsaq, xeyli mətləblər agah olur.
Hər bir dindar\”ın adından danışmağı sevən hacı Talenin inanclı şəxslərin etimadından, inamından sui-istifadə etməsi, bu minvalla siyasi möhtəkirliyə yuvarlanması eyni zamanda orta statistik dindarların halından bixəbərliyi ilə müşayiət olunur.
Heyhat, belədir.
Və əgər belədirsə, siyasətçi olmağa çalışdığını gizlətməyən hacı Tale Bağırovun liderlik iddiaları birmənalı təsir bağışlamır.
Hidayət yolu, yoxsa iğtişaşlara çağırış?
Hacı Talenin çıxışları, bəyanatları və nitqlərinin leytmotivini mövcud hakimiyyətə kəskin antipatiya, radikallıq, aqressiya təşkil edir. Çıxışlarında rəsmi qurumları və dövlət məmurlarını hədələyən, kəskin tənqidi kütləvi itaətsizliyə və etiraz aksiyalarına çağırışlarla simbioz edən hacı Talenin dinlə bağlı söylədikləri də həddən ziyadə səthi təsir bağışlayır.
Onun İranın Qum şəhərindəki müəlliflərinin tədris metodikaları zəif olub, yoxsa Tale Bağırov İranda təhsil aldığı zaman İslamın və Şəriətin dərinliklərinə baş vurmaq istəməyib – dəqiq bilinmir. Bilinən budur ki, illahiyyatçı kimi erudisiyası zəif, məlumat bazası kasad olan T.Bağırov bu nöqsanlarını siyasi imperativlərlə əvəzləyir.
Beləcə o, sırf İslamdan və dindən, dindarların hüquqlarından bəhs etdiyini vurğulsa da, siyasi fəaliyyətlə məşğul olduğunu pərdələyə bilmir.
Əslində, heç bacarmayıb da.
\”Birlik\” adlı məkr
\”Müsəlman Birliyi Hərəkatı\” adlı qrupun indiyədək yaydığı bəyanatlara, bu \”struktur\”un rəhbəri Tale Bağırov və onun sağ əli Zülfüqar Mikayılzadənin fəaliyyətlərində radikallıqla bahəm, İrana meyllilik aşkar görünür.
Di gəl, məntiqli illahiyyatçı və illah da ki, praqmat siyasətçi olmayan Tale Bağırov açıqlamalarında qütbləri səhv salır. Məsələn, o, həbsdən azad olunandan dərhal sonra Leyla Yunusu dəstəkləyən bəyanatlar vermişdi.
Məntiq də bu idi ki, Leyla Yunus \”siyasi məhbus\”dur və əgər belədirsə, mütləq, az qala avtomatik dəstəklənməlidir.
Lakin Tale Bağırov unutmuş, onun ətrafındakılar da \”lider\”ə xatırlatmamışdılar ki, L.Yunus ABŞ-a, ümumiyyətlə, Qərbə əlahiddə rəğbəti olan, dünyəviliyi ilə seçilən, dindarlara isti münasibəti ilə seçilməyən bir xanımdır.
Tale Bağırov \”Leyla xanım\” adlandırdığı, külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə suçlanaraq həbs olunmuş vətəndaşımızı dəstəkləməkdə ikən \”Müsəlman Birliyi Hərəkatı\”na rəğbət bəsləyənlərdə narazılıq yaranmışdı.
Niyə də olmasın: qruplaşma üzvlərindən birinin dediyi kimi, \”İrana sadiq adamın Amerikanın adamından ağızdolusu, vəcdlə bəhs etməsini anlamaq olmur\”.
Analamaqsa çox asandır. Bəsit səbəb odur ki, Tale Bağırov sırf öz maraqlarını güddüyündən həm İrana meylli \”illahiyyatçı, siyasətçi və lider\”, həm də \”ABŞ və Qərblə dialoqun tərəfdarı\” kimi tanınmaq istəyirdi.
Onun azsaylı olmayan istəklərindən biri də tərəfdarlarını hərəkətə gətirərkən öndə olmaq, amma gərəkli anda mövqeni dərhal dəyişərək təhlükəsiz müstəviyə çəkilmək bacarığına malik olmaqdı.
Necə ki, bu ilin noyabrın 5-də yaşanmış olaylarda saxlanan dindarların arasında nə Tale Bağırov vardı, nə də Zülfüqar Mikayılzadə.
Adlarını çəkdiyim şəxsləri 110 il əvvəl Sankt-Peterburqda, Qış Sarayının qarşısındakı hadisələr zamanı keşiş Georgi Apollonoviç Qapona bənzətmək istəməsəm də, müəyyən analogiyalar yox deyil.
\”Müsəlman Birliyi Hərəkatı\”nın yaradıldığı əyan ediləndən sonra Sabunçu rayonundakı \”Əbülfəz Abbas\” məscidinə Tale Bağırov tərəfdarları toplaşmağa başladılar. Yerli dini icmaya əsla aidiyyəti olmayan T.Bağırov və Z.Mikayılzadə həmin məscidi radikal çıxışlarının tribunasına, aqressiv ritorika məkanına çevirmişdilər.
Az sonra isə T.Bağırov sözlərini \”Əbülfəz Abbas\” məscidi camaatının mövqeyi kimi qələmə verməyə də başlamışdı.
Bütün bunlar daim sıxılan yay təsiri bağışlayırdı və həmin yay günlərin birində mütləq açılmalıydı.
Tale Bağırov və Z.Mikayılzadənin son vaxtlardakı çağırışlarında isə aşkar şəkildə Azərbaycanda Şəriətlə idarə olunan dövlətin qurulması tələbləri vardı.
Natamam, siyasi baxımdan zəif tələblər çoxlarına demaqogiya təsiri bağışlasa da, belə deyildi.
Acı gerçək o idi ki, Tale Bağırov qarşısına qoyduğu məqsədə inadla, sinirli şəkildə gedirdi və bu yolda hər vasitələyə əl atmağa hazır olduğunu gizlətmirdi.
Nardaranda baş verənlər, yaşananlar, daha doğrusu, hər birimizə yaşadılanlar dinlə pərdələnən, İslamın kölgəsində gizlənməyə çalışanların xarici ölkələrdən alınan əmlər, təlimatlar, göstərişlər əsasında davrandıqlarını tam əyan etdi.
Ölkədə qarşıdurma yaratmaq, Azərbaycanı xaosa sürükləmək, məmləkəti Suriyaya, Liviyaya, İraqa döndərmək istəyən radikal ekstremistlərin simaları aydın görünür.
Silahlı müqavimət, polislərin qətlə yetirilməsi – bu, İslama zidd əməllərdir, cinayətdir.
Azərbaycanda stabilliyin hifzini istəyiriksə, artıq hər birimizi hədələyən şəxslərin, ən müxtəlif adlarla pərdələnən radikal ekstremistlərin qarşısını almalıyıq.
Yoxsa, çox gec ola bilər.
Elçin Alıoğlu
İnterpress.az