Son illər ərzində Azərbaycan istər sosial, istər siyasi, istərsə də iqtisadi cəhətdən dünyanın ən güclü dövlətlərindən birinə çevrilib. Hər il mütəmadi olaraq, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması üçün dövlət tərəfindən sosial paketlər həyata keçirilir. Bu isə ölkəmizdə vətəndaş məmnunluğunun daha da artmasına gətirib çıxarır.
Artıq bütün dünya Azərbaycanın gücünün şahidi olub
Azərbaycan beynəlxalq siyasi arenada da öz sözünü deyən, gücünü nümayiş etdirən müstəqil dövlətlərdəndir. Artıq bütün dünya Azərbaycanın gücünü 2020-ci ilin sentyabrın 27-dən başlayaraq 44 gün davam edən İkinci Qarabağ müharibəsində də görmüş oldu. Bütün bunlar – Azərbaycanın irəliləməsi, güclü dövlətə çevrilməsi, peşəkar orduya malik olması, iqtisadi gücə yiyələnməsi və onu əldə saxlaması məhz Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.
Azərbaycan beynəlxalq siyasi arenada söz sahibinə çevrilib
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində Azərbaycan beynəlxalq siyasi arenada söz sahibinə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun erməni işğalı altında olan torpaqlarımızı azad etməsi həm liderimizin, həm dövlətimizin, həm ordumuzun, həm də xalqımızın gücünü bütün dünyaya nümayiş etdirib.
Güc dövlətləri Azərbaycanla müttəfiqlik münasibətlərinin formalaşmasında maraqlıdırlar
Artıq Azərbaycan təkbaşına regionda yeni bir reallıq yaradıb və region dövlətləri də bu reallıqla barışmağa məcbur olublar. Beləliklə, dünya ölkələri, dünyanın güc dövlətləri Azərbaycanla siyasi, iqtisadi tərəfdaşlıqda, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsində, müttəfiqlik münasibətlərinin formalaşmasında maraqlıdırlar. Bu maraq isə gündən-günə artmaqda davam edir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiyaya rəsmi səfərə gedib və səfər fevralın 23-də başa çatıb.
Səfər çərçivəsində Azərbaycan və Rusiya liderləri mühüm bir sənəd – “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalayıblar.
Müttəqilik bəyannaməsi Azərbaycanın əldə etdiyi daha bir uğurudur
Bu sənədin imzalanması Azərbaycanın siyasi meydanda əldə etdiyi daha bir uğurudur. Bu sənəd birmənalı olaraq, revanşizmin hər an baş qaldıra biləcəyi Ermənistanın istənilən təcavüzkar davranışlarının qarşısını almaqda öz dəstəyini göstərmiş olacaq.
Məlumdur ki, Ermənistan və Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərdəndir. Bu isə təşkilata üzv dövlətlərin bir sıra istiqamətdə tərəfdaşlığı, müttəfiqliyi deməkdir. Ermənistan məhz təşkilata üzvlüklə daima Rusiyanın gücünə, dəstəyinə, yardımına sığınıb.
Azərbaycan və Rusiya liderlərinin Moskvada imzaladıqları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə isə Ermənistanın bu arzusunun ürəyində qalacağına işarədir. Bu bəyannamə Azərbaycana münasibətdə Rusiyanın KTMT vasitəsilə Ermənistana dəstəyini zərərsizləşdirir.
İlham Əliyevin imzaladığı bu bəyannamə Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsidir
İlham Əliyevin imzaladığı bu bəyannamə Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsidir. Çünki bu sənədlə Rusiya bir daha rəsmən Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini toxunulmazlığını tanıyır. Buna isə Rusiyanın Prezidenti Vladimir Putin imza atır. Əminliklə deyə bilərik ki, bu, dünya azərbaycanlılarının tək və əvəzsiz lideri, Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diplomatik qələbəsidir.
Hələ ötən ilin iyun ayında Azərbaycan qardaş Türkiyə ilə də belə bir bəyannamə imzaladı. Bir müddət əvvəl dövlətimizin başçısının Ukraynaya gerçəkləşən səfəri çərçivəsində də bu ölkə ilə bir sıra mühüm sənədlər imzalandı.
Bu sənədlərin imzalanması o deməkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda yeni bir reallıq yaranıb və region dövlətləri də Azərbaycanla müttəfiqlik etməyə, onunla hesablaşmağa çalışırlar. Bu, birmənalı olaraq dövlətimizin növbəti bir uğurudur.
Toğrul Allahverdili