UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start verilib.
İlk oyun günündə 6 qarşılaşma baş tutub.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Şimali Makedoniyada “Şkupi”nin qonağı olub. Zaqrebdə 2:2 hesablı heç-heçə ilə başa çatmış ilk oyunu zədə səbəbindən buraxmış 25 yaşlı forvard cavab matçında da meydana çıxmayıb. Səfərdə minimal hesablı qələbə qazanan qonaqlar adını növbəti raunda yazdırıb.
“Dinamo” ilə yanaşı, Danimarka “Midtüllann”ı, Moldova “Şerif”i, Ermənistan “Pünik”i, Çexiyanın “Viktoriya” (Plzen) klubu və Bolqarıstan “Lüdoqorets”i də III təsnifat mərhələsinə adlayıb.