İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumu keçirilib.
“Westin Palace Hotel”də təşkil olunan Forumda Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov, Türkiyənin Madriddəki səfiri Nüket Küçükel Ezberci, Avropa Parlamentinin (AP) üzvü, bu qurumun 2014-2019-cu illərdə vitse-prezidenti olmuş Riçard Çarnetski, millət vəkili, xalq şairi, Dünya Azərbaycanlılar Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunda çalışan Serbiya Respublikası Prezidentinin sabiq xüsusi müşaviri Damyan Krnyeviç-Miskoviç, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı, Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika baş nazirinin keçmiş müşaviri Köyert Debüf, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Kral Xuan Karlos Universitetinin Hüquq professoru, “Pan-Avropa” Hərəkatı İspaniya nümayəndəliyinin Baş katibi Karlos Uriarte Sançes, San Pablo Seu Universitetinin beynəlxalq əlaqələr üzrə tədqiqatçı professoru, Cortes Generalesdə (İspaniya Parlamenti) sabiq parlamentari Jordi Xucla, məşhur fotoqraf və memar Reza Deqati, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər, Türkiyənin “Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürk, Monreal, Brüssel və Stokholmun tanınmış beyin mərkəzlərində çalışan Yaxın Şərq üzrə mütəxəssis, professor Sebastyan Boussois, “İnterpress” Media Qrupunun baş direktoru Toğrul Allahverdili və digər qonaqlar öz mühazirə və çıxışları ilə mövzu barəsində geniş fikir mübadiləsi aparıblar.
Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və ATEV-in sədri Tənzilə Rüstəmxanlı qonaqları salamlayaraq Forumun keçirilməsinin məqsəd və məramlarını açıqlayıb. Tarixi faciələrin mütəmadi olaraq xatırlanmalı olduğuna diqqət çəkən Tənzilə Rüstəmxanlı bunun həmin faciələrin yenidən təkrarlanmaması üçün vacib olduğuna diqqəti yönəldib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov məsələnin siyasi tərəfinə toxunaraq dünyanın uzun illərdir, məruz qaldığı köç məsələsində beynəlxalq ictimaiyyətin birgə səylərinin zəruriliyin vurğulayıb. Səfir yurdundan didərgin salınmış milyonlarla insanın hüquqlarının bərpası məsələsində Azərbaycanın nümayiş etdirdiyi diplomatik təmkinin və bu sahədə əməkdaşlığın təşviq olunmasının təqdirəlayiq olduğunu bildirib.
Millət vəkili Sabir Rüstəmxanlı isə çıxışında heç nəyi gizlətməyin mümkün olmadığını bildirərək həqiqətin gec-tez üzə çıxdığını bildirib. Lakin siyasi məqsədləri həqiqət kimi təbliğ edilən yalanların da olduğunu deyən millət vəkili onların dünyanın böyük dövlətlərinin maraqlarına xidmət etdiyinə görə yer üzündə yayılmaqda davam etdiyini vurğulayıb.
Avropa Parlamentinin üzvü, 2014-2019-cu illərdə Avropa Parlamentinin vitse-prezidenti olmuş Riçard Çarnetski çıxışında qaçqın və məcburi köçkünlərlə bağlı Avropa təcrübələrindən danışıb, sistemin işləmə mexanizmi barədə məlumat verib. O, Ermənistandan qovulmuş Azərbaycanlıların geri qayıtmasının mümkün olacağına inandığını dilə gətirib.
Tanınmış fotoqraf, Azərbaycan həqiqətlərinin dünyaya çatdırlmasında böyük əməyi keçən Reza Deqati Foruma vizual təqdimatla qatılıb.
Forumun əsas çıxışlarından sonra panel müzakirələri təşkil edilib. Diplomatiya İnstitutunun Siyasi araşdırma, təhlil və nəşrlər üzrə direktoru, BMT-nin keçmiş yüksək vəzifəli rəsmisi və Serbiya Respublikası Prezidentinin xüsusi müşaviri olmuş Damyan Krnyeviç-Miskoviçin moderatorluğu ilə keçirilən “Qaçqınlar probleminə Avropa yanaşması: Çağırışlar və beynəlxalq əməkdaşlıqlar yolu ilə mümkün həll yolları” adlı birinci paneldə çıxış edən Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika baş nazirinin keçmiş müşaviri Köyert Debüf, Madrid San Pablo-CEU Universitetinin tarix professoru Antonio Alonso Markos, Kral Xuan Karlos Universitetinin Beynəlxalq ictimai hüquq və Beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru Yelena Dias Qalan Avropa İttifaqının (Aİ) məcburi köçürmə və deportasiya ilə bağlı siyasəti, qaçqınların üzləşdiyi problemlər, qaçqınların mühafizəsi və onların reinteqrasiyası üzrə mövcud strategiyalar, qaçqın qadınların üzləşdiyi problemlərin həllinə yönəlik müasir yanaşmalar, qaçqın, məcburi köçkün və miqrasiya problemində Avropa İttifaqının tərəfdaş ölkələri ilə praktiki əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Məcburi deportasiya və qaçqınlar mövzusunda Azərbaycan təcrübəsi: “Qərbi Azərbaycana qayıdış” adlı ikinci panel isə Türkiyənin “Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürkün moderatorluğunda baş tutub.
Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və ATEV sədri Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Kral Xuan Karlos Universitetinin Hüquq professoru, “Pan-Avropa” Hərəkatının İspaniya nümayəndəliyinin Baş katibi Karlos Uriarte Sançez və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin qatıldığı paneldə qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, qaçqın səslərinin dünyaya eşitdirilməsi və onların hisslərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar mövzularında müzakirələr keçirilib.
Forumun sonunda Azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib və xatirə şəkli çəkdirilib.
Tədbirdə Qərbi Azərbaycandakı izlərimizə dair foto-sərgi nümayiş etdirilib. Daha sonra Azərbaycan mətbəxinin inciləri ispan qonaqlara təqdim olunub.
www.yenicag.az