Pentaqon ABŞ komandirlərinin İsrail Müdafiə Qüvvələrinə məsləhət vermək üçün bölgəyə göndərildiyini, bu komandirlərin əməliyyatlara rəhbərlik etməyəcəklərini, lakin şəhər döyüşlərində təcrübələrini bölüşmək üçün orada olduqlarını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Gündəlik mətbuat konfransında sualları cavablandıran Pentaqonun mətbuat katibi Patrick Ryder İsraildəki Amerika komandirləri haqqında deyib ki, onlar heç bir şəkildə əməliyyatlarda fəal iştirak etmirlər və məsləhət üçün oradadırlar.
“İraq kimi əhalinin sıx məskunlaşdığı bölgələrdəki əməliyyatlardakı təcrübəmizi nəzərə alaraq, mülki itkiləri azaltmaq üçün əlimizdən gələni etmək üçün öyrəndiyimiz dərsləri paylaşmağın vacibliyinə inanırıq” – cavabını verib.
İsraildə xidmət edən aparıcı Amerika komandiri general-leytenant Ceyms Qlindir. Onların hamısının ortaq cəhəti İŞİD-ə qarşı mübarizə tarixləridir. Qlinnin əvvəlki vəzifəsi ABŞ Xüsusi Qüvvələrinin beynəlxalq antiterror bölməsi olan Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığının komandir müavini olub.
Qlin İsrail ordusuna məsləhət verən və adı rəsmən açıqlanan yeganə növbətçi zabitdir. Pentaqon komandasındakı digər zabitlərdən neçəsinin təqaüdə çıxdığı və neçəsinin aktiv vəzifədə olduğu barədə dəqiq məlumat verməkdən çəkinir.