İddia olunur ki, İsrailin 7 oktyabrda Qəzzaya başladığı hücumlarından sonra Bayden administrasiyası daxilində ABŞ əsgərlərinin Suriya və İraqdan çıxarılması ilə bağlı müzakirələr aparılıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Bəs, bu müzakirələr necə başlayıb və hansı istiqamətdə inkişaf edir? Son zamanlar ABŞ-ın Suriya və İraqdan qoşunlarını çıxaracağı ilə bağlı iddialar gündəmin önəmli mövzularından idi.
Əslində keçmiş prezident Donald Trampın dövründə çox danışılan, lakin həyata keçirilməyən bu addım İsrailin oktyabrın 7-dən Qəzzaya hücumları ilə birbaşa bağlıdır.
Trampın “Sonsuz müharibələrə son” devizi ilə Amerika əsgərlərini Yaxın Şərqdən çıxarmaq tələbi yerinə yetirilməyib.
Xüsusilə də bu addıma ən çox qarşı çıxan qurum ABŞ Müdafiə Nazirliyi (Pentaqon) olub. Ağ Evə qayıtmaq üçün mübarizə aparan Trampın fikirlərində heç bir dəyişiklik yoxdur. ABŞ-ın hazırkı prezidenti Co Bayden və komandası noyabrda keçiriləcək seçkilər öncəsi “Əfqanıstandan çəkilmə” görüntülərinin təkrarlanmasını istəmir. Yəni İraq və Suriyadan çəkilmə məsələsinin də ABŞ-ın daxili ictimai rəyi ilə əlaqəsi var.