Respublikada təhsilin inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə mübarizə istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Astara Pedaqoji Kollecinin tələbəsinin həmin kollecin vəzifəli şəxslərinin ondan rüşvət tələb etməsi barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Kollecin direktoru Əlihəsən Həmzəyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin kollecin vəzifəli şəxslərinə tələbələrdən semestr imtahanlarında müsbət qiymət yazılması üçün konkret məbləğlərdə pul alınması barədə göstərişlər verməsində, rüşvət istəməsində və almasında əsaslı şübhələr olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq materiallar əldə edilib.
Faktla bağlı cinayət işi başlanıb və həyata keçirilmiş istintaq tədbirləri ilə Ə.Həmzəyevin kollecin bədən tərbiyəsi və idman şöbəsinin müdiri Aqil Veysəlov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2014-2015-ci tədris ilinin qış imtahan sessiyası zamanı ayrı-ayrı tələbələrdən alınmış ümumilikdə 8 min 200 manat məbləğində pulu xidməti otağında rüşvət kimi almasında, bundan başqa kollecin digər vəzifəli şəxsi vasitəsi ilə tələbədən 100 manat məbləğində pulu rüşvət kimi istəməsində şübhələr üçün əsaslar olduğundan Ə.Həmzəyevə və A.Veysəlova Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İnterpress.az