Amerika-Ərəb Ayrı-seçkiliklə Mübarizə Komitəsi (ADC) minlərlə insanın Amerika Futbol Liqasının (NFL) “Super Bowl” çempionat matçının keçirildiyi CBS kanalında İsrail hökumətinin sponsorluq etdiyi reklamlarla bağlı məlumatın olmamasından şikayətləndiyini bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
ADC meneceri Abed Ayoub bununla bağlı çıxış edib.
Sözügedən reklamlarla bağlı on mindən çox adamın Federal Əlaqə Komissiyasına (FCC) şikayət etdiyini bildirən Ayoub, CBS kanalının bütün platformalarda izləyicilərinə lazımi məlumatları verməyərək FCC qaydalarını pozduğunu bildirib:
“Bu, yalnız yayım standartlarının bütövlüyünü pozmur, həm də reklamın mənbəyi ilə bağlı lazımi kontekst verməməklə ictimaiyyəti yanlış məlumatlandırır. FCC-nin kanalı və NFL-i məsul tutması lazımdır. Amerika xalqının İsrail də daxil olmaqla, xarici ölkələrin mediamız üzərindəki təsirini bilmək və xəbərdar olmaq hüququ var”.
Digər tərəfdən, ADC-nin saytında məlumat verilmədən yayımlanan elandan şikayət etmək üçün portal yaradılıb.
FCC-nin sponsorluq edilən reklamlarla bağlı qaydaları sözügedən reklamları yayımlayan kanaldan yayım zamanı reklamın sponsorluq edildiyini bildirməsini və sponsorun təfərrüatları haqqında məlumat verməsini tələb edir.