Fransa NATO üzvlərinin ümumi daxili məhsullarının ən azı 2 faizini müdafiəyə xərcləmələri üçün qarşıya qoyduğu hədəfə çatacağını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Fransanın müdafiə naziri Sebastien Lecornu Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Zirvəsi ərəfəsində çıxış edərək, Fransanın bu il NATO-nun müəyyən etdiyi ümumi daxili məhsulun (ÜDM) 2 faizini hərbi büdcəyə ayırma hədəfinə çatacağını bildirib.
Lecornu vurğuladı ki, üzərində dayanılması lazım olan “əsas məqam” ÜDM-in 2 faizini müdafiə xərclərinə ayırmaqdansa, bu nisbətin hərbi sahədə “səmərəli” istifadəsidir.
Fransa parlamenti 7 illik hərbi büdcənin 2023-cü ildə 413 milyard avroya çatdırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Fransa 2030-cu ildə hərbi büdcəsini 2019-cu ilə nisbətən iki dəfə artırmağı hədəfləyir.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO müttəfiqlərini müdafiəyə kifayət qədər xərcləmədiyinə görə tənqid etməsi NATO-nun müəyyən etdiyi 2 faizlik hədəfə hansı ittifaq üzvlərinin əməl etməsi məsələsini gündəmə gətirib.
Cənubi Karolinadakı çıxışında Tramp prezident olduğu müddətdə NATO qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən müttəfiqlərə Rusiyanın hər hansı hücumunun qarşısını almayacağı ilə hədələyib.
Başda Bayden olmaqla NATO üzvü olan Avropa siyasətçiləri bu sözlərə reaksiya veriblər.