Aİ Qırmızı dənizdə hərbi missiyasına başlayıbbackend

Aİ Qırmızı dənizdə hərbi missiyasına başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək üçün hərbi missiyaya başladığını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısı zamanı “Aspides” adlı hərbi missiyanın Qırmızı dənizdə işə salındığını açıqlayıb.

Borrell bildirib ki, missiya naviqasiya azadlığının bərpasına və kommersiya gəmiçiliyinin qorunmasına töhfə verəcək.

Aİ Şurasından verilən yazılı açıqlamaya görə, Aİ-nin Qırmızı dənizdəki dəniz əməliyyatı “Aspides” missiyası yalnız müdafiə məqsədi daşıyacaq.

Missiya dənizdə “vəziyyət xəbərdarlığı” təmin edəcək, gəmiləri müşayiət edəcək və mümkün hücumlara cavab verəcək və Qırmızı dəniz, Ədən körfəzi, Oman körfəzi və Fars körfəzindəki beynəlxalq sularda, eləcə də əsas dəniz kommunikasiya xətlərində aktiv fəaliyyət göstərəcək.

Qərargahı Yunanıstanın Larissa şəhərində olacaq missiyaya kontr-admiral Vasilios Griparis komandanlıq edəcək.

Yəməndə İranın dəstəklədiyi husilər, İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrail şirkətlərinə bağlı olduqlarını söylədiklərinə görə Yəmən sahillərində ticarət gəmilərini ələ keçirir və bəzi ərazilərə hücum edir.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.