İtaliyanın şimalındakı bəzi şəhərlərdə həftəsonundan bəri davam edən yüksək hava çirkliliyi səbəbindən ətraf mühitin və insan sağlamlığının qorunması üçün bəzi tədbirlər həyata keçiriləcək.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, ölkənin sənaye və maliyyə mərkəzi olan şimaldakı Milanda və ətraf şəhərlərdə havanın çirklənmə səviyyəsi ardıcıl 4-cü gündür ki, ağlabatan hesab ediləndən xeyli yüksəkdir.
Regional Ətraf Mühit Agentliyi ARPA şimaldakı Milan, Monza, Komo, Berqamo, Brescia, Mantova, Cremona, Lodi və Pavia şəhərlərində havanın çirklənmə dərəcəsini PM10 parametrinə görə kubmetr üçün 50 mikroqram həddən yuxarı müəyyən edib.
Bu dəyər Milanda 73 ilə 122 mikroqram arasında dəyişərək Monzada 111, Komoda 78-ə çatıb.
Havanın çirklənməsi yüksək həddə çatdığı və bir müddətdir davam etdiyi üçün yerli hakimiyyət orqanları tədbir görməyə başlayıb.
Milan da daxil olmaqla bu 9 əyalətdə tüstü səviyyəsinin azaldılması üçün ilk tədbirlər açıqlanıb. Müvafiq olaraq, əhalisi 30 mindən çox olan bələdiyyələrdə “Avro 0”, “Avro 1” və “Avro 2-3-4” kateqoriyalarında dizel yanacağı ilə işləyən avtomobillərin həftə sonları nəqliyyata girişi dayandırılacaq, istilik sistemi evlərdə və ticarət mərkəzlərində 19 dərəcədən yuxarı qalxa bilməyəcək.