“Qalan 4 kənd ilə bağlı məsələlər növbəti delimitasiya prosesində həll ediləcək” – POLİTOLOQbackend

“Qalan 4 kənd ilə bağlı məsələlər növbəti delimitasiya prosesində həll ediləcək” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq Qazaxın azad edilmiş dörd kəndinə Azərbaycan sərhədçiləri nəzarət edir. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Beləliklə, Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Delimitasiya prosesi çərçivəsində Azərbaycanın bir qarış torpağı Ermənistana verilməyib.

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Tural İsmayılov cavablandırıb.

Politoloq Qazaxın 4 kəndinin qaytarılmasını növbəti tarixi qələbə adlandırıb.

“Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən artıq delimitasiya olunmuş sərhədlərimizdə Qazaxın kəndləri Azərbaycana qaytarıldı və Azərbaycan sərhədçiləri də o bölgəyə bugündən yerləşmiş oldu.

Təbii ki, sosial şəbəkələrdə erməni xislətindən irəli gələn müxtəlif görüntülər yayıldı ki, orada hansısa sahələrə od qurmaq istəyiblər, meşələrdəki ağacları kəsiblər və s. Əlbəttə, bütün bu baş verən negativ görüntülərlə bağlı məsuliyyət birbaşa Ermənistan üzərindədir. Çünki Ermənistanla Azərbaycan arasında artıq razılıq əldə edilibsə, Ermənistan dövləti özü nəzarət etməli idi ki, o əraziləri tərk edərkən bundan əvvəl Laçında, Kəlbəcərdə tərketmə prosesində edilən vandallıqlar törədilməsin.

Hər halda mən hesab edirəm ki, bu, Azərbaycanın növbəti tarixi qələblərindən biridir”, – Tural İsmayılov vurğulayıb.

O bildirib ki, işğalda qalan 4 kəndin də taleyinə yaxın günlərdə aydınlıq gətiriləcək.

“Bu möhtəşəm hadusə cənab prezident İlham Əliyev tərəfindən məntiqi ardıcıllıqla davam etdirilən siyasətin yekun nəticələrindən biridir. Şükürlər olsun ki, artıq 32 ildən sonra Qazaxın kəndlərində də Azərbaycanın yurisdiksiyası bərpa edildi.

Bundan sonra Qazaxın qalan üç kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlı məsələlərdə delimitasiya komissiyalarının növbəti iclaslarında həll ediləcək deyə düşünürəm”, – politoloq qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az