Azərbaycanda cinayət törədən qadınların sayı artıb. Bu, “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,3 faizdir. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş qadınların sayı 10,0 faiz artıb.
Bəs qadınların cinayətə əl atmasına nə səbəb olur, nə vadar edir ki, zərif cinsin nümayəndəsi bu addımı atır?
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını psixoloq Fidan Azərqızı cavablandırıb.
“Qadınlar həm sosial rollarına, həm də strukturlarına görə cinayət törətməyə daha az meyillidirlər. Amma təəssüf ki, bir çox faktorlardan qadın cinayətləri ötən ilə nisbətdə artmaqdadır. Təbii ki, statistik olaraq cinayətlərin hansı məzmunda olduğunu tam bilmədiyimiz üçün umumi şərh vermək daha doğru olar.
Qadınların cinayət törətməsinin səbəbləri ölkədən ölkəyə dəyişir. Qadınların ictimai həyatda iştirakının yüksək olduğu ölkələrdə cinayətlər də yüksəkdir”, – Fidan Azərqızı bildirib.
O, qadınları cinayət törətməyə sövq edən səbəbləri də sadalayıb.
“Qısa olaraq qadınları cinayətə sövq edən səbəblərə baxdıqda bunları görmək olur:
Özünü qoruma hissi;
Sosial-iqtisadi vəziyyətinin aşağı olması;
Müxtəlif psixoloji travmalar və psixiatrik xəstəliklər;
Məişət zorakılığı;
İş yerlərində psixoloji zorakılıq və s.”, – psixoloq vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az