İstanbulda SOCAR-a hücumu kimlər və niyə təşkil edib?
SOCAR-ın İstanbul ofisinə hücum edən radikal qrup bunu “Azərbaycan İsrailə neft satır” iddiası ilə həyata keçirib. Halbuki, təxribatçıların kimliyinə diqqət etdikdə onların nə türk birliyi ideologiyasına, nə də İslam fəlsəfəsinə aidiyyətinin olmadığı ortaya çıxır. Təxribatçı qrupun tərkibində iki ideoloji xətt mövcuddur.
Birincisi, Türkiyədə solçu-kommunistlərdir. Köhnəlmiş marksizm-leninizm ideologiyasına tapınan bu kəslər əsasən PKK terror təşkilatının siyasi qanadları ilə yaxın əlaqələrə malik olurlar. PKK-nı açıq şəkildə dəstəkləyən keçmiş HDP bu nümunələrdən biridir.
İkincisi, Türkiyədə İranmeylli qruplardır. Onların türk millətçiliyi, yaxud Türkiyədə mövcud dini inancla yaxınlığı yoxdur.
Hər iki xətt Fələstin məsələsinə çox uzaqdır. Solçu-marksizm tərəfdarları hara, Fələstin hara?!
Fələstin məsələsi daha çox dindar və millətçi kəsimin həssas yanaşdığı mövzudur, Türkiyədə bu, xüsusilə aydın seçilir.
O zaman, sual yaranır: sol ideologiyasını təmsil edən, terrora simpatiya bəsələyənlər niyə Fələstin məsələsini öz məqsədləri üçün istifadə edirlər?
Burada məqsəd Türkiyənin dindar-millətçi kəsimini Fələstin məsələsi üzərindən manipulyasiya etməkdir. SOCAR-ın hədəf seçilməsi də təsadüfi deyil. Hədəfin nə olduğunu bir neçə konkteksdə qiymətləndirmək mümkündür.
Hər şeydən öncə təxribatçıların və onların arxasındakı güclərin hədəfi Azərbaycan-Türkiyə qardaşlığını sarsıtmaq, Türkiyə ictimai rəyində SOCAR-la bağlı mənfi rəy yaratmaq, Azərbaycanın imicini pozmaqdır. Təxribatçılar çalışdılar ki, Türkiyənin dindar-millətçi kəsimini Fələstin məsələsi üzərindən Azərbaycana qarşı qaldırsınlar. Bu, həm də mövcud hakimiyyətə – AKP-MHP ittifaqına qarşı qurulmuş oyundur. SOCAR-a hücum da Bakı və Ankaranın strateji tərəfdaşlığının simvolunu “vurmaq” məqsədi daşıyırdı. Təxribat planına görə, SOCAR-ın hədəfə alınması Türkiyə iqtisadiyyatına da zərbənin endirilməsi ilə nəticələnə bilərdi. Çünki SOCAR Türkiyədə “Petkim” və “Star Rafineri” kimi iri biznes layihələrinin sahibidir, minlərlə adama iş yeri açan, milyonlarla dollar vergi verən, Türkiyə iqtisadiyyatına böyük dəyər qatan bir şirkətdir. Təxribatın baş tutması Azərbaycan-Türkiyə qardaşlığının axsaması və xüsusilə Cənubi Qafqazda Ermənistan da daxil olmaqla bu qardaşlıqdan narahat olan qüvvələrin güclənməsi ilə nəticələnə bilərdi. Hücumda iştirak edən Türkiyədəki İranmeylli qrupların da əsas məqsədlərindən biri bu olub. Halbuki, belə qruplar onilliklər boyunca Qarabağda müsəlman azərbaycanlıların qətlə yetirilməsinə, məscidlərdə donuz saxlanılaraq təhqir edilməsinə səs çıxarmayıblar. İndi Fələstin məsələsindən siyasi ambisiyaları üçün istifadə etməyə cəhd göstərirlər.
Bütün cəhdləri iflasa uğradı. Türkiyədəki qardaşlarımız sosial şəbəkələrdə və mediada təxribatçıları ifşa etdi, onların tutarlı cavabını verdi. Qardaşlarımız Azərbaycan brendi olan SOCAR-a sahib çıxdılar, çünki bu, həm də onların şirkəti, onların brendidir və SOCAR bu gün Türkiyə iqtisadiyyatına böyük töhfə verir. Bundan sonra da hər kəs bilməlidir ki, hər hansı təxribatçı qrup Azərbaycan-Türkiyə qardaşlığını poza bilməz. Bu qardaşlıq əbədidir. SOCAR-a təxribat hücumu və Türkiyədəki qardaşlarımızın təxribatçıları susdurması bunun son örnəklərindən biri oldu!
Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru