“Marketlərdə quzu və dana əti adı altında yaşlı heyvan ətləri satılır” – Mütəxəssis RƏYİbackend

“Marketlərdə quzu və dana əti adı altında yaşlı heyvan ətləri satılır” – Mütəxəssis RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ətin qiymətinin bahalaşması ilə bağlı söz-söhbət yayılsa da, bu məsələ ilə  bağlı real qiymət göstəricisi qeyd olunmur. Və yaxud quzu və dana əti adı altında yaşlı heyvan ətinin satışı həyata keçirilir və bu, daha çox müzakirə olunan məsələlərdəndir.

Mövzu ilə bağlı İnterpress.az-a açıqlama verən qida üzrə mütəxəssis İlkin Şirinov bəzi məqamlara toxunub.

O bildirib ki, marketlərdə ucuz qiymətə satılan ətlərin adı və keyfiyyəti ilə heç bir uyğunluğu yoxdur.

“Şəhərlə kənd arasındakı fərq həm qiymətdə,  həm də keyfiyyətdə özünü hər zaman göstərib. Belə ki, erkək dana əti adı altında satılan əti şəhər əhalisinin əksəriyyəti ayırd edə bilmir.

Rayon yerlərində və kəndlərdə əhalinin kənd təsərrüfatı ilə məşğul olması mühüm əhəmiyyət kəsb edir. Belə ki, onlar ətin xarici görünüşündən hansı keyfiyyətdə olduğunu müəyyən edə bilirlər.

Şəhər marketlərində 10-12 manatı arası satılan ət dana əti deyil, bu ya çəkisi 100-120 kiloqramlıq camış ətidir, ya da qapalı şəraitdə və quru yemlərlə bəslənən dişi mal ətidir.

Həmçinin bu deyilənlər xırda buynuzlu heyvanlara da aiddir. Məsələn yaşı  6 ayı keçmiş quzu artıq quzu deyil, toğlu ətidir, yəni yetkin heyvan ətidir. Əslində isə ən keyfiyyətli və yeyiləsi ət bu sayılır. Lakin kiloqramı 20 manatdan aşağı satılan ət quzu əti sayıla bilməz”, – ekspert vurğulayıb.

İlkin Şirinov Qurban bayramı ərəfəsində süni qiymət artımından da danışıb.

“Yem qıtlığı ilə əlaqədar olaraq, ətin qiymətində hər zaman qalxmalar müşahidə oluna bilər. Belə ki, kəndlinin şəxsi vəsaiti ilə kökəldilib və satışa çıxarılan heyvanların satış qiymətinə nəzarət etmək mümkün deyil. Çünki burada əsas meyar kökəltmək məqsədilə heyvana çəkilən xərclərdir. Qarşıdan qurban bayramının gəlişini nəzərə alan işbazlar artıq öncədən rayon və kəndlərdən sürüləri ucuz qiymətə alaraq, Qurban bayramı ərəfəsində satışa çıxarırlar.

Bayram ərəfəsində ən böyük problem qurbanlıq heyvan almaq istəyənlərin kəndlidən deyil, qoyunu, quzunu və ya dananı heyvan dəllallarından almasıdır. Belə ki, kəndlilərdən ucuz qiymətə yığılan heyvanlar süni qiymət artımı ilə bayram ərəfəsində şəhər əhalisinə satılır. Bu cür işbazlarla mübarizə aparmaq müşkül məsələyə çevrilib”, – mütəxəssis fikrini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az