Rusiya prezidenti Vladimir Putin bu gün media nümayəndələri ilə görüşdə “Moskva Rusiyanın islam əhalisinin artmasından məmnundur” deyib. O,daha sonra sözlərinə “biz İslam əhalisinin artmasının əleyhinə deyilik, əksinə, Rusiya Federasiyasında baş verənlərdən razıyıq və çox xoşbəxtik” ifadəsini əlavə edib.
Rusiya liderinin bu sözlərinin həqiqətə nə qədər uyğun olduğunu bilməsək də, rusların Qafqaz və Orta Asiya xalqlarına nə cür yanaşdığını, alçaltdığını, hansı ifadələrlə təhqir etdiklərini bilirik.
Putinin bu “səmimiliyi”nin arxasında hansı planların və ya niyyətin olduğuna İnterpress.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov aydınlıq gətirib.
“Əlbəttə ki, Rusiyanın Ukrayna müharibəsi nəticəsində necə ağır vəziyyətdə olduğu hamıya məlumdur. Bir neçə ölkəni çıxmaq şərti ilə az qala bütün dünya ölkələri sanki Rusiyadan üz döndəriblər.
İnkişaf etmiş ölkələr və onlarda yaşayan xalqlar Rusiyaya qarşı düşmən mövqe tutublar. Belə şəraitdə müsəlmanların, müsəlman dövlətlərin də Rusiyadan üz döndərməsi onun üçün böyük faciə olardı. Məhz buna görə də Kreml həm ölkə daxilində yaşayan müsəlman xalqlarını, həm də yaxın və uzaq xaricdəki İslam dövlətləri ilə xoş münasibətləri qorumağa çalışır. Putinin son çıxışlarında ölkədə yaşayan müsəlmanları ciddi qiymətləndirməsi də məhz bu istəkdən irəli gəlir”, – Əlimusa İbrahimov bildirib.
O, Putinin müsəlman dünyasına “sevgisi”nin arxasında həm də onları orduya canlı qüvvə kimi görməsinin olduğunu qeyd edib.
“Digər tərəfdən Rusiyada yaşayan müsəlmanlar həm də Rusiya silahlı qüvvələrinin əsgərləridir. Əsgərlərin də indiki halda Rusiya üçün nə qədər qiymətli olduğu hamıya məlumdur.
Putin müsəlmanlarla münaibətdə bu yumşaq siyasəti hələ uzun müddət davam etdirəcək. Çünki Rusiyanın başının üzərindən qara buludların nə zaman çəkiləcəyi hələ məlum deyil. Məhz bu aspektdən baxdıqda Putinin müsəlmanlar haqqında söylədiyi son bəyanatlar başa düşüləndir”, – politoloq fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az