Dövlət müstəqilliyimizin bərpasından keçən müddət ərzində çox ağır sınaqlar qarşısında qalaraq, xalq olaraq həqiqi bir liderə ehtiyacımızı istisnasız bütün sahələrdə hiss etdik. Dövlət müstəqilliyini yeni bərpa edən bir dövlətin elan edilməmiş müharibə qarşısında torpaqlarının bir hissəsini itirməsi, düşmənin açıq işğal və etnik təmizləmə kompaniyasına baxmayaraq beynəlxalq ictimai rəyin səssizliyini qorumağa çalışması, iqtisadi qeyri-stabillik, müttəfiqsizlik, ölkənin vətəndaş müharibəsinə doğru sürətlə irəliləməsi…bütün bu nöqtələri birləşdirdikdə 1990-lı illərin əvvəli Azərbaycan üçün uçurumdan fərqsiz mənzərənin siyasi təsvirini yaratmaqdadır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolu bu baxımdan əvəzsizdir. Çünki, tarixdə nadir görülən bir hadisədir ki, bir lider bütöv bir xalqın yükünü öz çiyninə alacaq qədər cəsarətli, qətiyyətli və xalqına qarşı bağlı olsun.
Ulu Öndər Heydər Əliyev şəxsiyyəti, onun diplomatik portreti hər bir kəs üçün mühüm siyasi kursdur. Çünki, onun “uçurum dövrü”ndəki qərarlılığını və atdığı addımları ondan başqa heç kəs ata bilməz, Azərbaycanı həmin vəziyyətdən ondan kənar kimsə xilas edə bilməzdi. Ulu Öndərin siyasi kursu bugün Prezident cənab İlham Əliyev rəhbərliyində uğurla davam etdirilir və bu artıq sirr deyildir ki, indiki Azərbaycan müstəqillik dövrünün ən güclü Azərbaycanıdır.
Qeyd etmək lazımdır ki, beynəlxalq münasibətlər tarixində hər bir dövlət rəhbəri üçün unudulmaz tarixi məqamlar vardır ki, bu kimi hadisələr həmin liderin xalqı qarşısındakı məsuliyyətinin, xalqına olan sədaqətinin mühüm göstəricisi olaraq xarakterizə edilə bilər. Yəni, başqa sözlə desək, xalq və ya bütövlükdə tarix həmin lideri hansı hadisələrlə xatırlayır?
Bu məqamda tarix Ulu Öndəri və onun siyasi kursunu uğurla davam etdirən müzəffər lider cənab İlham Əliyevi əbədi olaraq öz yaddaşına həkk edib. Ulu Öndərin ölkəmizi “uçurum dövrü”ndən dünya dövlətlərinin əməkdaşlıq üçün növbəyə durduğu ölkə profilinə yüksəltməsi, ölkəmizin ərazi bütövlüyü, suverenliyinin gücləndirilməsi, iqtisadi yenidən qurma uğrundakı əvəzsiz rolu hər birimiz üçün unudulmazdır. İşğal edilmiş torpaqlarımız düşməndən azad edildikdən sonra Dövlət başçısı cənab İlham Əliyevin “Mən ata vəsiyyətini yerinə yetirdim” vurğusu bir daha təsdiq edir ki, bizim qələbəmiz Heydər Əliyev irsini baza alaraq, ən sağlam təməllər üzərindən atılmış müzəffər bir xalqın və onun müzəffər liderinin hekayəsidir.
Bugün Ulu Öndərin, şəhidlərimizin, Azərbaycan uğrunda mübarizə aparmış, canını qurban vermiş hər kəsin ruhu şaddır. Çünki, bugün ölkəmiz tamdır, bütövdür. Söhbət təbikii təkcə ərazi bütövlüyümüzün bərpasından getmir. Bugün milli-mənəvi olaraq, bir xalq olaraq bütövük və düşməni lərzəyə salan “dəmir yumruq” timsalında birləşmişik. 44 günlük Vətən müharibəmizdə ona görə torpaqlarımızdakı mənfur işğal yuvasını və gülünc erməni mifini darmadağın edə bildik ki, 30 ilə yaxın davam edən işğal müddətində biz bu torpaqlardan mənəvi olaraq heç bir zaman qopmadıq, xüsusilə də yetişən bir neçə gənc nəsil Qarabağa, Azərbaycana, Azərbaycançılıq məfkurəsinə ən sağlam bağlarla bağlandı. Bizi düşməndən ayıran ən böyük fərqimiz məhz bağlılığımız idi: həm torpaqlarımıza, xalqımıza, həm də Ali Baş Komandana qarşı bağlılıq. Düşmən əsgəri səngəri tərk edib, öz komandirinin əmrini sorğulayarkən, Azərbaycan əsgəri Şuşa dağlarından qalxarkən belə əsgər yoldaşının yaralı bədənini buraxmadı. Hər azad edilən qarış torpağımızda ilk növbədə bayrağımız dalğalandı, əzan səsi yenidən yüksəldi. Qarabağdan gələn hər xəbər bütöv Azərbaycanı bəzən sevinc, bəzən də kədər göz yaşlarına boğdu və bütün dünya Azərbaycanın qələbəsinə təəccüblə, çaşqınlıqla şahidlik etdi. Çünki, müzəffər lider cənab İlham Əliyev rəhbərliyində dövlət və ordu quruculuğu sanki ilmək diplomatiyası ilə toxunaraq, elə bir üst səviyyəyə çatdırılmışdı ki, bütün bu prosesin arxa fonunda erməni kimi hiyləgər düşmən belə duyuq salınmamış, əksinə kənardan qulağına pıçıldanan “yenilməzlik” mifologiyasına inandırılmışdı.
Bugün ölkəmiz regionun güc mərkəzi rolunu oynamaqla, kənardan edilməyə çalışılan təxribatlar və müdaxilələrə qətiyyətlə sinə gərərək, layiqli cavab verir. Dövlət başçısının “Mənə dəymə, mən də sənə dəymərəm” fikri bunu bir daha təsdiq edir ki, Azərbaycan güclü dövlətdir və istənilən addıma qarşı cavab mexanizmlərinə sahibdir. Həmçinin, Azərbaycan bugün kifayət qədər müttəfiq və strateji tərəfdaşa sahibdir. Çünki, təkcə regional yox, eləcə də beynəlxalq müstəvidəki rolumuz bir çox dövlət tərəfindən müsbət dəyərləndirilir və Azərbaycanı etibarlı, sözünə sadiq tərəfdaş kimi tanıyırlar.
Prezident cənab İlham Əliyev hazırda beynəlxalq sülhə, təhlükəsizliyə və əməkdaşlığa ən çox töhfə verən liderlərdəndir və bu amil artıq bir çox siyasi tərəfindən dilə gətirilməkdədir. Azərbaycanın hazırda əsas məqsədi Ermənistanla sülh müqaviləsinin imzalanmasına nail olaraq həm Ermənistan daxilindəki rövanşizmin birdəfəlik kökünü qazımaq, eləcə də Ermənistanın siyasi manipulyasiyası üzərindən regionda siyasi varlıq qazanmağa çalışan tərəflərin oyunlarını puça çıxarmaqdır. Əminik ki, regional sabitlik və təhlükəsizlik bu zaman kimi regionda görülməmiş bir inkişafa yol açacaq və Cənubi Qafqaz regionunda inkişaf və əməkdaşlıq Azərbaycanın qərarlı mövqeyi nəticəsində bütün sahələrdə özünün kulminasiya nöqtəsinə çatacaqdır.
Bahadur Hüseynov,
Beynəlxalq Münasibətlər üzrə Magistr