Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Lüksemburqun Baş naziri Lyuk Friden ilə görüşübbackend

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Lüksemburqun Baş naziri Lyuk Friden ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciəti əsasında Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.

İnterpress.az xəbər verir ki, bu barədə APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr müzakirə olunub. Lüksemburqun Baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin və regionun sabitliyinin ölkəsi üçün vacibliyini bir daha vurğulayıb. O, Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırıb.

Dövlətimizin başçısı regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb. Azərbaycan ilə Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı və İttifaqa üzv ölkələr ilə çox yaxın əlaqələrə malik olduğu qeyd edilib. Avropa Siyasi Birliyi platformasının müzakirələrin aparılması üçün vacib məkan olduğu bildirilib. Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb.

Lüksemburqun Baş naziri bu tədbirdə iştirak etmək niyyətində olduğunu diqqətə çatdırıb.