Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə növbəti görüşü avqustun 13-də Aşağı Qaramanlı kəndində baş tutub.
Bu barədə İnterpress.az-a Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.
Görüşdən əvvəl Tənzilə Rüstəmxanlı və qərargah üzvləri Aşağı Qaramanlı kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidəni və Aşağı Qaramanlı şəhidlərinin məzarlarını ziyarət ediblər. Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman vətən övladlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarlarına tər güllər düzülüb, şəhidlərin müqəddəs ruhuna dualar oxunub.
Daha sonra görüş başlayıb.
Görüşdə Tənzilə Rüstəmxanlının vəkili Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, xeyriyyəçi, iş adamı Akif Kərimov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, tədbirin aparıcısı – Neftçala Qayğı Mərkəzinin rəhbəri Jalə Sərdarzadə, kənd ziyalıları, şəhid ailələri və qazilər iştirak edib.
Görüş iştirakçıları Tənzilə xanımı böyük sevgi və alqışlarla qarşılayıblar. Əvvəlcə dövlət himni səsləndirilib və çıxışlara yer verilib.
Tədbiri giriş sözü ilə açan aparıcı namizəd Tənzilə Rüstəmxanlının platforması haqqında məlumat verib, “Neftçala üçün birlikdə!” şüarının əhəmiyyətindən danışıb. Daha sonra o, seçiciləri Milli Məclisdə xalqı layiqli təmsil edəcək namizədə – Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıb.
Görüşdə çıxış edənlər Onlar da öz növbəsində çıxışlarında Tənzilə xanımın 30 ildən çox olan ictimai fəaliyyətindən, beynəlxalq layihələrin iştirakçısı və təşkilatçısı olmasından söz açıb, həmçinin namizədin görəcəyi işlər və tədbirlər planları haqqında ətraflı danışıb, Aşağı Qaramanlı kənd sakinlərini seçkilərdə aktiv iştirak edərək xanım namizəd Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıblar.
Tənzilə Rüstəmxanlı seçiciləri səmimiyyətlə salamlayaraq, ölkəmizin çox mühüm ictimai-siyasi hadisə ərəfəsində olduğunu deyib.
Xanım namizəd platforması haqqında məlumat verib, rayonun təbii ki, problemlərinin olduğunu qeyd edib.Tənzilə Rüstəmxanlı dövlət başçısının regionların inkişafı ilə bağlı gördüyü işləri diqqətə çatdırıb və söz verib ki, seçiləcəyi təqdirdə Neftçalanın da problemlərilə bağlı Milli Məclisdə mütəmadi məsələlər qaldıracaq, dövlətin inkişaf proqramlarına Neftçalanın da salınması təmin edəcək.
Tənzilə xanım vurğulayıb ki, qarşıdan gələn parlament seçkiləri azad və demokratik mühitdə keçiriləcək və seçicilər öz istədikləri layiqli namizədə səs verəcəklər.
Bu səbəbdən o, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Platforma ilə bağlı ətraflı məlumat təqdim olunduqdan sonra Aşağı Qaramanlı sakinlərinin fikir və qeydləri dinlənilib.
Kəndin seçiciləri Milli Məclisə növbədənkənar seçkilərdə fəallıq göstərəcəklərini və Tənzilə Rüstəmxanlıya etimad göstərərək səslərini yekdilliklə xanım namizədə verəcəklərini bildiriblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.