VHP-çi namizəd Rafael Hüseynov Ərəbqubalıda seçicilərlə görüşüb – FOTObackend

VHP-çi namizəd Rafael Hüseynov Ərəbqubalıda seçicilərlə görüşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd, VHP Ali Məclisinin üzvü, Akademik Rafael Hüseynovun seçicilərlə görüşə yollandığı daha bir ünvan Kürdəmirin Ərəbqubalı kəndi idi.

Rafael Hüseynov öz ata-baba kəndinə gəlişini Ərəbqubalının girəcəyindəki kənd məzarlığından – Qarabağ şəhidlərinin, eləcə də öz doğmalarının, kəndin tarixində silinməz izi olanların məzarlarının ziyarəti ilə
başladı.
1658 nəfər əhalisi olan Ərəbqubalı torpaqlarımızın düşmən təcavüzündən xilas edilməsi yolunda daim əzmlə mübarizə aparmış, 7 şəhid vermişdir.
Onların xatirəsini sayğı ilə yad edən Rafael Hüseynov bu adların ürəklərdə həmişə yaşayacağını, gələcəkdəki ən xoşbəxt günlərimizdə də müdam minnətdarlıqla anılacağını söylədi.
Bu kəndin övladı olan Rafael Hüseynovun görüşünə 1122 seçicisi olan ərəbqubalılarla yanaşı 1322 seçicisi olan Çölqubalının, 682 seçicisi olan Məhırrəmlinin də sakinləri toplaşmışdılar.
Uşaqlıq, yeniyetməlik illərindən bağlı olduğu bu kəndlərin sakinləri ilə yenidən görüşdüyünə qəlbən sevindiyini söyləyən Rafael Hüseynov daha bir əlamətdar cəhəti – hazırkı seçkilərdən etibarən Kürdəmirin məhz bu 3 kəndinin 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinə daxil edilməsini hər cəhətdən məqsəduyğun saydığını bildirdi. Əvvələn, bu 3 kənd Hacıqabula məsafəcə Kürdəmirin ən yaxın yaşayış məntəqləridir, bu cür formalaşma ilə Seçki Dairəsi əhatəcə daha da yığcamlaşır, digər tərəfdən də, deputata Ərəbqubalı, Çolqubalı və Məhərrəmli sakinləri ilə daha tez-tez təmas saxlamaq imkanı yaranır.
Rafael Hüseynov Bakı-Gəncə magistral şosse yolundan ayrılaraq Ərəbqubalıya gələn kənd yolunun həmişə bərbad olduğunu, yağışlı-palçıqlı payız-qış aylarında keçilməzləşdiyini, adi vaxtlarda da hər addımbaşı bir-birini müşaiyət edən çalaların ucbatından bu yolu avtomillə saatda 10-15 kilometrdən artıq sürətlə getmək mümkün olmadığını özünün də, görüşə toplaşanların da yaxşı xatırladığını söylədi. Bunu da əlavə etdi ki, indi gözəl asfaltlanmış həmin rahat yolu lazım gəlsə, lap 120 kilometr sürətlə də asanca qət etmək mümkündür və bu, rəmzdir, inkişafımızın nişanəsi, hardan hara gəlib çatmağımızın bariz göstəricidir.
Əksəriyyətini qohum-əqrəbası təşkil etdiyindən bu kəndlərlə müntəzəm əlaqələrinin olduğunu deyən Rafael Hüseynov, həm son illərdə əldə edilən uğurlardan, həm də mövcud problemlərdən yaxşı xəbərdar olduğunu diqqətə çatdırdı.
O belə bir inamını da ifadə etdi ki, Milli Məclis üzvü olaraq gələcəkdə bu kəndlərin daha artıq rifaha qovuşması, qayğılarının həll olunmasının sürətlənməsindən ötrü bütün gücünü və səylərini səfərbər edəcək, sakinlərlə əl-ələ bütün qarşıda duran vəzifələrin həll edilməsinə nail olacaqlar.
Görüşə toplaşmış kənd sakinləri Rafael Hüseynovu öz doğmaları saydıqlarını, uğurlarını daim izlədiklərini və yüksəlişlərindən fərəh duyduqlarını, bu yolun gələcəkdə də müvəffəqiyyətlə davam etməsi üçün sentyabr ayının 1-də hamılıqla səsvermə məntəqələrinə gələrək məhz onu dəstəkləyəcəklərini bəyan etdilər.