70 saylı Neftçala seçki dairəsi maraqlı seçki marafonu ilə yadda qalıb.
İnterpress.az xəbər verir ki, seçki gününün xüsusi yadda qalan hadisəsi isə seçkinin qalibi Tənzilə Rüstəmxanlının seçki qərargahında yaşanıb.
Belə ki, sözün əsl mənasında bayram ab-havası hiss olunub. Sözügedən dairədən digər namizəd Məmmədova Susananın böyük seçki mədəniyyəti göstərərək, Tənzilə Rüstəmxanlının qərargahına gəlməsi və təbrikini bildirməsi istər komanda, istərsə də sosial media istifadəçiləri tərəfindən pozitiv qarşılanıb.
Qərargahda toplananların qarşısında Tənzilə Rüstəmxanlı çıxış edərək, Susana Məmmədovaya öz minnətdarlığını bildirib. Eyni zamanda, seçki kampaniyasının “Neftçala üçün birlikdə” şüarını bir daha xatırladıb. Həmçinin bildirib ki, yaxın gələcəkdə parlamentdə təmsil edəcəyi Neftçala üçün birgə və uğurlu işlər görüləcək.
Susana Məmmədova da öz növbəsində çıxış edərək, təbriklərini bildirib, uğurlar arzulayıb, demokratik şəkildə keçirilən seçkilərin Neftçala tarixində böyük iz buraxdığını vurğulayıb.
Gecənin ikinci yarısının sürpriz qonağı isə Neftçaladan digər namizəd Qəhrəman Tahirov olub. O, Tənzilə Rüstəmxanlının seçki qərargahına gələrək, qalibi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.