İran BMT məhkəməsinin Ukraynanın Boeing işi üzrə yurisdiksiyasını şübhə altına alır.
İnterpress.az xəbər verir ki, bu barədə məhkəmənin press-relizində deyilir.
İran 2020-ci ildə vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing” təyyarəsi ilə bağlı ilkin etirazlarını bildirib.
Qeyd olunur ki, İran tərəfi məhkəmənin yurisdiksiyasına və Britaniya, Kanada, İsveç və Ukraynanın irəli sürdüyü iddianın məqbul olmasına etiraz edir.
Baş hakimin müavini və baş hakimin səlahiyyətlərini icra edən Sebutinde iddiaçıların ilkin etirazlarda irəli sürülən dəlillərə yazılı cavab verməsi üçün son tarix kimi mayın 16-nı təyin edib.
Məhkəmənin qaydalarına uyğun olaraq, bu etirazlara baxılana qədər mahiyyəti üzrə məhkəmə baxışı dayandırılır.
Qəzaya uğrayan Boeing 737-nin göyərtəsində 176 nəfər olub, onların hamısı həlak olub.
Tehran əvvəlcə qəzanın səbəbini təyyarədəki texniki problemlərlə əlaqələndirib. Lakin sonradan məlum olub ki, təyyarə səhvən İranın zenit raketi ilə vurulub.
Ukrayna hakimiyyəti təyyarənin İranın hava hücumundan müdafiə sistemi tərəfindən qəsdən vurulduğunu istisna etməyib.
Xuraman Etibarlı
İnterpress.az