Rusiya tərəfi Kurskın 76 sakininin geri qaytarılması ilə bağlı Ukrayna ilə danışıqlar aparır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya ombudsmanı Tatyana Moskalkova məlumat verib.
Ukrayna Silahlı Qüvvələri tərəfindən Ukraynanın Sumı şəhərinə aparılan Kursk vilayətinin sakinləri Rusiyaya qaytarıla bilər.
Onun sözlərinə görə, hazırda Sumıda Kursk vilayətinin 76 sakini var.
“Biz Ukrayna tərəfi ilə danışıqlar aparırıq ki, bu insanlar öz vətənlərinə qaytarılsın”, – Moskalkova bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna arasında martın 19-na planlaşdırılan məhbus mübadiləsini açıqlamışdı.
O, ABŞ prezidenti Donald Trampa telefon danışığında deyib ki, hər iki tərəf 175 nəfəri təhvil verməlidir.
Bundan əlavə, 23 ağır yaralı ukraynalı hərbçi Ukraynaya aparılacaq.
Xuraman Etibarlı
İnterpress.az