Alman aktyor Kristian Ulmen barəsində məişət zorakılığı iddiası ilə cinayət işi başlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Potsdam prokurorluğu almaniyalı aktyor Kristian Ulmenə qarşı istintaqa başlayıb. Buna səbəb aktyorun keçmiş həyat yoldaşı, televiziya aparıcısı Kollyen Fernandesin ona qarşı irəli sürdüyü iddialar olub.
Hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, aktyor məişət zorakılığı fonunda bədən xəsarəti yetirməkdə şübhəli bilinir.
İstintaqın məlumatına görə, mübahisəli epizodlar 2022 və 2023-cü illərdə İspaniyada baş vermiş ola bilər.
Bundan əlavə, Fernandes aktyoru “rəqəmsal zorakılıq”da – onun iştirakı ilə cinsi məzmunlu “deepfake” videoların yaradılmasında da ittiham edir.
Fernandes bu iddialar barədə ilk dəfə bu ilin mart ayında “Spiegel” nəşrinə açıqlamasında ictimaiyyətə məlumat verib. Aktyor Kristian Ulmen isə ona qarşı irəli sürülən bütün ittihamları qətiyyətlə rədd edir.
Qeyd edək ki, Ulmen və Fernandes 2010-cu ildən birlikdə olub, 2011-ci ildə Berlində ailə həyatı qurublar. Cütlük keçən il ayrıldıqlarını rəsmən elan edib. Onların bir qız övladı var.
Hazırda prokurorluq tərəfindən bütün ittihamlar üzrə araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






